Növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas məqsədi islahatları dərinləşdirmək idi

Növbədənkənar parlament seçkilərinin keçirilməsinin əsas məqsədi islahatları dərinləşdirmək idi

Nizaməddin Ağcayev

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktoru

Ölkəmizdə siyasi sabitlik və inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı cənab Prezident İlham Əliyevdir. Cənab Prezident İlham Əliyevin siyasi kursunun çox mühüm istiqamətlərindən birini davamlı islahatların aparılması təşkil edir. Aparılan islahatlar davamlı və genişmiqyaslı islahatlardır. Düzgün və məqsədyönlü islahatlarla Azərbaycan güclənir, tarixi hədəflərini gerçəklşdirir, daha uğurlu sabahların təməlini yaradır.

Xalqımızın ən böyük iftixarı olan tarixin ən qüdrətli Azərbaycanı və Zəfərinin yaradıcısı məhz İlham Əliyev və onun islahatlar kursudur. Zaman dəyişdikcə qarşıya yeni vəzifələr qoyulur və bu vəzifələrin uğurlu icrası islahatlar prosesini sürətləndirməyi zəruri edir. Milli Məclisin o zamanki tərkibi heç bir halda islahatlara yardım missiyası ilə çıxış edə bilmirdi. Ölkə yenilənir və bu yenilənmə qanunverici orqanın real yardımı olmadan tam mənada həyata keçirilə bilməzdi. Milli Məclis yeni şəraitə uyğun qanunverici təşəbbüslə çıxış edə bilmirdi.

Yeni hədəflərin müəyyənləşdirilməsində təşəbbüskar kimi çıxış edən Yeni Azərbaycan Partiyasının təşəbbüslərindən biri məhz ölkədə dərinləşən islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün V çağırış Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi oldu.

Cənab Prezident çıxışında qeyd etmişdi ki, növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək və vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir. «Əminəm ki, VI çağırış Milli Məclis uğurla fəaliyyət göstərəcək və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir».

Dövlətimizin başçısı cənab İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında nitqində yer alan çağırışlardan bəhs edərək bildirib ki, keçdiyi 30 illik şərəfli yolda ictimai fikirdə qələbələr partiyası kimi nüfuza sahib olan Yeni Azərbaycan Partiyası yeni parlamentdə də yerlərin əksəriyyətini qazandı. “Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır” söyləyən dövlətimizin başçısı indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatların aparılmasının zəruriliyini vurğuladı. Bu da patiyalararası dialoqun aparılmasını zəruri edir. Çünki bir partiya təkbaşına siyasi dialoq apara bilməz.

Dövlət başçısı ölkəmizdə bütün sahələri əhatə edən islahatların qanunvericilik sahəsini də əhatə edəcəyini vurğulayaraq qeyd etdi ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir.

Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdir. Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyətilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində artıq bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Ölkə başçısı cənab İlham Əliyevin çıxışlarında hər zaman Azərbaycan gəncliyinə göstərilən yüksək inam və etimad kimi çağırışların olması da daim diqqət çəkir. “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” deyə gənclərə çağırışlar edən dövlətimizin başçısı onların rifahına xidmət edən mühüm Dövlət proqramlarını təsdiq edərək, gəncliyin inkişafını stimullaşdıran Fərman və sərəncamlar imzalayır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun düşmən üzərində qazandığı tarixi Zəfər sübut etdi ki, cənab Prezidenti rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş miqyaslı, hərtərəfi, o cümlədən qanunvericilik sahəsini də əhatə edən islahatlar öz nəticəsini verdi və bundan sonra da davam edən islahatlar Azərbaycanı daha böyük uğurlara aparacaq.