Naxçıvanın sönməz günəşi-Ulu Öndər Heydər Əliyev
Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı “
Naxçıvanı saxlamağımın əsas səbəbi odur ki, xalqın mənə inamı olmuşdur”
Heydər Əliyev
Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur.“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, - deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas , blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Təsadüfi deyil ki, 1969-cu ilin iyul ayının 14-də Azərbaycan rəhbərliyinə gələn görkəmli dövlət xadimi ölkəmizdə müqayisə olunmaz bir inkişaf mərhələsinin əsasını qoymuş, respublikamızı müstəqilliyə hazırlayacaq bir sıra əhəmiyyətli iqtisadi, siyasi, ideoloji addımlar atmışdır. Bu mərhələdə xalqımızın böyük oğlu əsl dövlət xadimi kimi özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını müəyyənləşdirmişdir. Dahi öndəri dövlət rəhbərindən ali səviyyəli dövlət xadimi səviyyəsinə qaldıran da məhz bu idarəçilik fəlsəfəsi olmuşdur. Heydər Əliyevin idarəçilik fəlsəfəsinin əsasını, ideya-siyasi istiqamətini xalqın tarixi yaddaşının bərpası və. sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi kimi mühüm amillər təşkil edir.
XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırmışdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxarmış, Ermənistanın əsassız torpaq iddialarına rəvac verilmişdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxılmışdı. Yaranmış boşluqdan istifadə edən Ermənistan isə siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin bu qədər gərgin olmasına baxmayaraq, Naxçıvanda əhali bütün sahələrdə çətinliklərə müqavimət göstərir, Azərbaycanın ayrılmaz hissəsi olam qədim Naxçıvanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Bu cür çətin, mürəkkəb və məsuliyyətli məqamda ulu öndərimiz Heydər Əliyev kimi böyük və zəngin həyat məktəbi keçmiş təcrübəli dövlət xadiminin Azərbaycana qayıdışı, 1990-cı il iyulun 22-də Naxçıvana gəlməsi, həmin ilin 30 sentyabrında Azərbaycan Respublikasının Ali Sovetinə və muxtar respublikanın Ali Məclisinə deputat seçilməsi xalq arasında ölkənin gələcəyinə inamı gücləndirmişdi.
Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Azərbaycan Prezidenti cənab İlham Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarların tarixi əhəmiyyətindən danışarkən demişdir: “O illərdə nəinki Naxçıvan üçün, Azərbaycan üçün də tarixi qərarlar qəbul edilmişdir.” O vaxt muxtar respublikanın adı dəyişdirildi. Ulu Öndərin təklifi ilə “sovet sosialist” sözləri muxtar respublikanın adından çıxarıldı. Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi qəbul edildi və Azərbaycanın Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, Azərbaycan dövləti də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etsin. 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etməmişdir. Yəni bu addımlar ondan sonrakı dövrdə Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. O illərdə də Ulu Öndər qətiyyətlə və cəsarətlə öz xalqına, öz millətinə nə qədər bağlı olduğunu göstərmişdir. Ulu Öndər bir daha nümayiş etdirmişdir ki, onun üçün dövlət maraqları, Azərbaycanın milli maraqları hər şeydən üstündür.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik olan tarixi hadisə, eyni zamanda təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü idi. Qarşıda duran əsas vəzifə isə sərhədlərinin böyük bir hissəsi boyunca düşmən hücumlarının hədəfinə çevrilmiş Naxçıvanı işğal təhlükəsindən xilas etmək idi. Buna görə də Türk dünyasının böyük oğlu Ali Məclisin Sədri kimi vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılması təmin olunmuşdur. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində muxtar respublikada ilk milli ordu birləşmələri yaradılmış, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırılmış, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyulmuşdur.
Mühüm geo-strateji ərazidə yerləşən Naxçıvan Muxtar Respublikasının Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrinin bərpası uzun illərdən sonra ilk dəfə ümummilli liderin Naxçıvanda fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Görkəmli dövlət xadimi 1992-ci ildə qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına səfərlər etmiş, keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalanmış, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər qurulmuşdur. Bunun nəticəsində qısa müddətdə Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verilmiş, Sədərək, Culfa və Şahtaxtı gömrük-keçid məntəqələri fəaliyyətə başlamışdır.
Ulu Öndərin Ali Məclisin sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi, bu mənada, xüsusi əhəmiyyətə malikdir. Muxtar respublikanın dağılmış iqtisadiyyatının, xüsusilə də kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də ümummilli liderimizin diqqət mərkəzində olmuşdur. Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmiş, bu islahatlar aqrar bölmədə irəliləyişlərə səbəb olmuşdur.
1992-ci il noyabrın 21-də isə respublikanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.
Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı. Hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Sevindirici haldır ki, bu gün ulu öndərimizin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir,ərazi bütovlüyümüzü tam təmin edərək yeni-yeni qələbələrə imza atır.