Qanlı Yanvar qırğını
Vüsalə Qasımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon Heydər Əliyev Mərkəzin böyük elmi işçi
İllər ötür, nəsillər dəyişir, xalqın həyatında baş verən hadisələr tarixə çevrilir.Bəziləri unudulub gedir, bəziləri qan yaddaşına həmişəlik yazılır. 20 Yanvar...Bu gün milyonların yaddaşında özünəməxsus yer tutub. Onu obrazlı şəkildə Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi adlandırırlar.
1990-cı ilin 20 yanvarından bizi 34 il ayırır. 1990-cı il yanvarın 19-da Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi Mixalil Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.
Xalqımız 1990-cı il 20 yanvarın səhərini güllə səsləri və göz yaşı ilə açdı.Hamımızı sarsıdan 19 yanvar gecəsində son 70 illik tariximizdə ən dəhşətli və ən qanlı faciə baş vermişdir.Həmin gecə keçmiş ittifaqın tankları və başqa döyüş texnikaları gözlənilmədən, qəflətən şəhərimizə soxulmuşdu.İmperiya əsgərləri gecənin qaranlığında şəhərimizin kücələrində qarşısına çıxan hər kəsi güllələmişdilər.Göz yaşları içində Hüzn günü kimi qeyd edilən soyuq yanvar gecəsində yüzlərlə günahsız, əliyalın vətəndaşımız təpədən-dırnağadək silahlanmış sovet ordusunun “şanlı” əsgərləri tərəfindən böyük qəddarlıqla qətlə yetirilmişdir.Ağlasılmaz amansızlıqla öldürülmüş bu adamların arasında müxtəlif təbəqənin insanları; qocalar, qadınlar, uşaqlar, həkimlər, hətta gözlərinin işığını itirmiş xəstələr belə var idi.
Bu qanlı hadisələr 147 insanın qətlə yetirilməsi, 638 nəfərin yaralanması ilə nəticələnib.1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır.Ümumilikdə, Azərbaycan 150 nəfər “20 Yanvar şəhidi” vardır.
20 Yanvar faciəsini hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirən ulu öndər Heydər Əliyevin böyük müdrikliyi və güclü siyasi iradəsi sayəsində 20 Yanvarla bağlı informasiya blokadası yarılmış oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Bu, törədilmiş qanlı faciəyə verilən ilk siyasi qiymət idi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.
Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Azərbaycan xalqı 20 Yanvar faciəsini böyük tarixə, dövlətçilik anlayışına malik olan bir xalq kimi qarşıladı. Bəlkə də, hər hansı başqa bir xalq olsaydı, bu hadisələrdən uzun müddət özünə gələ bilməzdi. Respublikadakı hakimiyyət dəyişikliyinə baxmayaraq, xalq Vətən uğrunda şəhid olanların xatirəsinə qırx gün matəm saxladı. Bu, sadəcə, matəm deyildi. Mövcud quruluşa, zorakılığa etiraz, yeni mübarizəyə hazırlıq idi. 20 Yanvar Azərbaycan xalqını daha da mətinləşdirdi, hədəflərini daha da aydınlaşdırdı.
1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın tarixinə təkcə bir faciə günü kimi deyil, həm də xalqımızın istiqlaliyyət əzminin, sarsılmaz iradəsinin sübutu, dövlət müstəqilliyinin bərpa edilməsinə doğru aparan yol, milli qürur doğuran bir gün kimi həkk olunub.
Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.
Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.