Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır

Rafiq Ismayilov

"Dental Clinic" stomatoloji mərkəzinin direktoru

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Müstəqillik əvəzsiz nemətdir. Ulu Öndər Heydər Əliyevin tarixi ifadəsi ilə desək, müstəqilliyin qorunub saxlanması, onun əldə olunmasından daha çətin və vacib amildir. Keçdiyimiz tarixi proseslər göstərdi ki, bu ifadə yalnız fəlsəfi yanaşma deyil, həm də real vəziyyətin əyani təhlilidir. Müstəqilliyin davamlı olması üçün dayanıqlı siyasi və hüquqi varisçilik böyük əhəmiyyətə malikdir. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir və onun arzularını, xəyallarını şərəflə yerinə yetirir.

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin irsi Prezident İlham Əliyev tərəfindən ən yüksək səviyyədə qorunur və dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirilir. 2007-ci il mayın 25-də Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılışı olmuşdur. Bu, sadəcə başlanğıc deyil idi, Ulu Öndər Heydər Əliyevin AXC ilə bağlı miras qoyduğu ənənələrin davamı idi.

Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun sübutudur. Bundan əlavə, 1920-ci il aprelin 27-də parlament binasından götürülmüş üçrəngli Cümhuriyyət bayrağı 2018-ci il mayın 24-də yenidən öz Vətəninə qaytarılaraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından birinə çevrilmişdir.

Tarixi varisliyi bir daha təsdiq edən ən mühüm qərarlardan biri isə 2021-ci il 15 oktyabr tarixində "Müstəqillik günü haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi oldu. Bu qanunla 28 May tarixi Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan edildi. Bu təsbit Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır və müasir ərazi bütövlüyünü bərpa etmiş dövlətimizin AXC-nin tamhüquqlu varisi olduğunu dünyaya göstərir.

2023-cü il 28 may tarixində, işğaldan azad edilmiş Laçın şəhərinə qayıdan əhali ilə görüşündə Prezident İlham Əliyev bu möhtəşəm tarixin böyük rəmzi mənası olduğunu vurğulamışdır: "Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir".

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsini hər zaman əziz tutan dövlətimiz bu gün onların müstəqillik ideallarını ən yüksək zirvəyə qaldırıb. Cümhuriyyətin yadigarı olan Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə məğrurcasına dalğalanması gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Nəticə etibarilə, xalqımızın bu qürur dolu tarix salnaməsi Cənab Prezidentin də qətiyyətlə ifadə etdiyi kimi vahid bir həqiqətə əsaslanır: "Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!"