Bakı işğalçılardan, yadelli qüvvələrdən azad edildi

Bakı işğalçılardan, yadelli qüvvələrdən azad edildi

Məhəbbət Quliyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Ağciyər Xəstəlikləri Mərkəzinin doğum evinin əməkdaşı

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini bütün dünyaya bəyan etdi və xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini yeni səviyyədə bərpa etdi. Bu tarixi sənəd xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi və onun öz müqəddəratını təyin etməyə tam qadir olduğunu nümayiş etdirdi.

Bəşər tarixində hər bir xalqın milli kimliyini, azadlıq əzmini və dövlətçilik ənənələrini təcəssüm etdirən fundamental mərhələlər mövcuddur. Azərbaycan xalqı üçün bu mərhələnin ən ali zirvəsi 1918-ci il mayın 28-də Şərqdə və müsəlman dünyasında ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsidir. XIX əsrin ikinci yarısından etibarən xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları və ziyalıları tərəfindən aşılanan milli oyanış və dirçəliş hissləri məntiqi olaraq müstəqil, azad və demokratik respublikanın qurulmasına gətirib çıxardı.

Çox qısa bir dövr ərzində Azərbaycanın ilk parlamenti və hökuməti yaradıldı, dövlət bayrağı və vətəndaşlıq institutu təsis edildi. Dövlət quruculuğu istiqamətində atılan ən mühüm addımlardan biri də milli ordunun yaradılması oldu. Məhz yeni qurulmuş Milli Ordu, qardaş Osmanlı dövlətinin dəstəyi ilə yaradılmış Qafqaz İslam Ordusu ilə çiyin-çiyinə vuruşaraq, tarixi qəhrəmanlıq nümayiş etdirdi. Bakı işğalçılardan, yadelli qüvvələrdən azad edildi. Yeni fəaliyyətə başlamış parlament tərəfindən ölkədə siyasi, iqtisadi və mədəni inkişafı təmin edən, demokratik prinsipləri təsbit edən çoxsaylı qanunlar qəbul olundu.

Hökumət xalqın maarifləndirilməsinə və intellektual inkişafına xüsusi önəm verirdi. 1918-ci ilin avqustunda "Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında" qərarın qəbul edilməsi ilə tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. Təhsil sahəsindəki islahatlar bununla məhdudlaşmadı 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitetin açılması haqqında qanun qəbul edildi.

Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış tarixi bir addım oldu. Həmçinin, digər ali və orta təhsil müəssisələrinin, mədəniyyət ocaqlarının açılması üçün genişmiqyaslı hazırlıqlar görüldü.

Bunlar AXC-nin tarixi addımlarının yalnız bir hissəsidir.