Şuşa Bəyannaməsinin xalqımız üçün tarixi əhəmiyyəti

Şuşa Bəyannaməsinin xalqımız üçün tarixi əhəmiyyəti
Baba-zadə Dadaş
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu 89 nömrəli tam orta məktəbin direktoru
2021-ci ildə iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Tariximizdə ilk dəfə olaraq Azərbaycan lideri xarici dövlətin başçısını Qarabağda qarşıladı. Bizim üçün mənəvi əhəmiyyət kəsb edən Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, gələcək dərsliklərdə yazılacaq mühüm tarixi hadisə kimi yaddaşımıza həkk olundu.
Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Biz tarixin təkrarlanması ən və oxşar hadisələrin yenidən baş verməsinin şahidiyik. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı.
Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi iki ölkə arasında münasibətlərdə inqilabi gerçəklikdir. 15 iyun 2021-ci il tarixindən başlayaraq Bakı və Ankara hərbi-siyasi, iqtisadi sahələrdə mutyəfiqliklərini rəsmi şəkildə elan etdi. Bəyannamədə diqqəti çəkən ən vacib məqamlardan biri hərbi sahədə əməkdaşlıq və müttəfiqliklə bağlıdır. Bu müddəada nəzərdə tutulmuş qeydlər Ermənistandakı revanşistqüvvələrdən tutmuş, ayrı-ayrı qonşu və qeyri-regional dövlətlər üçün mühüm ismarıcdır.
Bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında razılaşma əldə edilib. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyasının nümunəsidir. Ən əsası, Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir.