Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir
Mətbuatımızın keçdiyi tarixi yol qürur doğurur. Bu il Azərbaycanda milli mətbuatın, ana dilində ilk qəzetin nəşrə başlamasının 149 ili tamam olur. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabinin əsasını qoyduğu "Əkinçi" qəzeti ilə xalqımızın milli ruhunun formalaşmasında yeni mərhələ oldu. Milli demokratik mətbuatın "Əkinçi" qəzeti tərəfindən bəyan edilmiş başlıca prinsipləri - maarifləşmə, müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, bəşəri dəyərlərin milli ənənələrlə üzvi vəhdəti, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisələrin obyektiv işıqlandırılması Azərbaycanda milli demokratik mətbuatın gələcək inkişafının təməli rolunu oynadı.
Müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib. Belə ki, 1998-ci ildə Prezident Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açdı və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır.
Ulu Öndər tərəfindən mətbuatın inkişafına göstərilən dövlət qayğısı siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.Cənab Prezident bildirmişdir ki, əlbəttə ki, mətbuatın fəaliyyəti hər bir insanı maraqlandırır. İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır. Çünki, dövlətin mətbuata yüksək diqqət və qayğısı media mənsublarının daha məhsuldar fəaliyyəti üçün stimuldur. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı mühüm əhəmiyyətə malik oldu.
Eyni zamanda, kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin göstərişi ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları dondurulmuşdu. Sonrakı illərdə Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış tarixi bir addım idi. Bundan başqa, 2008-ci ildə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul olunması ilə bağlı qərar qəbul edildi. Məhz bu Konsepsiyada mətbuatın inkişafını təmin edəcək, Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edəcək əsaslar öz əksini tapdı.
Konsepsiyanın qəbulu və Prezident İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılması müstəqil Azərbaycan mətbuatının inkişaf tarixində növbəti mərhələ kimi dəyərləndirilməlidir. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, jurnalistlərə fəxri adların verilməsi, mətbuat orqanlarının və jurnalistlərin obyektiv prinsiplərə və milli maraqlara əsaslanan fəaliyyətinin qiymətləndirilməsi xüsusi vurğulanmalıdır. Bu kontekstdə Azərbaycanda dünyada analoqu olmayan bir nümunənin ortaya qoyulması da ayrıca qeyd edilməlidir.
Beləliklə, Azərbaycan mətbuatının yüksək dövlət dəstəyi və qayğısı ilə əhatə olunması, bu istiqamətdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirilməsi nəticəsində mühüm nailiyyətlərin əldə olunması sistemli fəaliyyətin uğurlu göstəricisidir. Ölkə mediasının inkişafını, yeni keyfiyyət dəyişikliklərini şərtləndirən ən mühüm faktor, qeyd etdiyimiz kimi, dövlətin bu sahəyə yüksək diqqət və qayğısıdır.