MÜSAHİBƏDƏ VURĞULANAN ƏSAS MƏQAM: STRATEJİ MÜTTƏFİQLİYİN VƏ QARDAŞLIĞIN YENİ MƏRHƏLƏSİ
Aygün Qəhrəmanova
"Göyərçin" Körpələr evi və uşaq bağçasının müdiri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Bəzən iki ölkə arasındakı əlaqələri izah etmək üçün uzun-uzadı şərhlərə ehtiyac qalmır. Elə münasibətlər var ki, onların əsasını rəsmi müqavilələrdən daha əvvəl formalaşmış ortaq dəyərlər təşkil edir. Azərbaycanla Özbəkistan arasındakı münasibətlər məhz bu qəbildəndir. Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz və mənəvi köklərimiz xalqlarımızı bir-birinə onsuz da qırılmaz tellərlə bağlayıb. Son illərdə isə bu yaxınlıq dövlətlərarası müstəvidə özünü daha aydın və qabarıq göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə xüsusi vurğulandığı kimi, iki ölkə arasındakı əlaqələr artıq sadəcə dostluq və mehriban qonşuluq çərçivəsini aşaraq, müttəfiqlik səviyyəsinə yüksələn hərtərəfli tərəfdaşlığa çevrilmişdir.
Bu münasibətlərin dinamik inkişafında hər iki ölkə liderinin səmimi və şəxsi dostluq əlaqələrinin rolu danılmazdır. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan qarşılıqlı hörmət və yüksək etimad, iki ölkə arasındakı bağların sürətlə möhkəmlənməsinin əsas hərəkətverici qüvvəsidir. Son beş ildə dövlət başçılarının 15 qarşılıqlı səfərinin baş tutması heç də təsadüfi deyil. Hər bir görüşün arxasında yeni razılaşmalar, irimiqyaslı layihələr və yeni əməkdaşlıq üfüqləri dayanır. Azərbaycan Prezidentinin Özbəkistana səfərlərinin sayının artıq yeddiyə çatması da bu sıxlığın əyani sübutudur.
Xüsusilə sevindirici haldır ki, Özbəkistanda gedən böyük quruculuq və inkişaf prosesi Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir. Müasir şəhərlərin salınması, infrastrukturun yenilənməsi, iqtisadiyyatın şaxələndirilməsi, həmçinin elm, təhsil, mədəniyyət və idmana göstərilən xüsusi diqqət Özbəkistanın rəqabətədavamlı gələcəyindən xəbər verir. Qardaş ölkənin uğurlarına doğma mütəəssiriliklə sevinmək qardaşlığın ən ali göstəricisidir.
2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana reallaşan dövlət səfərləri münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə daşıdı. Bu səfərlər çərçivəsində imzalanan sənədlər, xüsusilə "Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə" və "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" gələcək tərəfdaşlıq üçün sarsılmaz hüquqi və siyasi təməl yaratdı.
2023-cü ildə təsis edilən Ali Dövlətlərarası Şuranın fəaliyyətini də bu xüsusda xüsusi vurğulamaq lazımdır. Bu qurum sadəcə növbəti bir dialoq platforması deyil; bura ölkələrimizin strateji gələcəyinin müəyyənləşdirildiyi, yeni qlobal təşəbbüslərin müzakirə edildiyi və icra mexanizmlərinin əlaqələndirildiyi əsas mərkəzdir. Şuranın artıq həm Daşkənddə, həm də Bakıda keçirilən ardıcıl iclasları münasibətlərin davamlı, sistemli və planlı şəkildə inkişaf etdiyini aydın nümayiş etdirir.