Müsahibə bir daha göstərir ki, Azərbaycan və Özbəkistan arasında media və vətəndaş cəmiyyəti yaxınlaşır
Aynur Hacıyeva
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi
Prezidentin müsahibəsində Azərbaycan–Özbəkistan münasibətlərində mədəni-humanitar əlaqələr xüsusi yer tutur. Xalqlarımızın ortaq tarixi və mədəni irsi bu əməkdaşlığın əsasını təşkil edir. Son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin, incəsənət festivallarının, elmi konfransların, ədəbi tədbirlərin və digər humanitarlayihələrin keçirilməsi iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
Azərbaycan və Özbəkistanın mədəni əlaqələrinin dərinliyini göstərən mühüm nümunələrdən biri də Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasıdır. Bu fakt iki xalqın ədəbiyyat və mədəniyyət sahəsindəki yaxınlığının parlaq göstəricisidir. Bakıda yaradılan “Özbəkistan” parkı da xalqlarımız arasındakı qardaşlığın rəmzlərindən birinə çevriləcək. Təhsil sahəsində əməkdaşlıq da Azərbaycan–Özbəkistan tərəfdaşlığının mühüm istiqamətlərindən biridir.
Tələbə mübadiləsi, ali və orta təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, elmi əməkdaşlıq və birgə layihələr gənc nəslin qarşılıqlı əlaqələrinin inkişafına mühüm töhfə verir. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilmiş Mirzə Uluqbəy adına orta məktəb iki ölkənin təhsil sahəsində əməkdaşlığının ən gözəl nümunələrindən biridir. Bu məktəb eyni zamanda Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq prosesinə verdiyi dəstəyin ifadəsidir.
Müsahibə bir daha göstərir ki, Azərbaycan və Özbəkistan arasında media və vətəndaş cəmiyyəti sahəsində əməkdaşlıq da genişlənməkdədir. Keçirilən Azərbaycan–Özbəkistan Media Forumları və QHT Əməkdaşlıq Forumları iki ölkənin ictimaiyyətləri arasında qarşılıqlı təcrübə mübadiləsinin aparılmasına, yeni layihələrin hazırlanmasına və əməkdaşlıq imkanlarının genişləndirilməsinə şərait yaradır. Xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində turizm və regionlararası əməkdaşlıq da mühümrol oynayır. Özbəkistan vətəndaşlarının Azərbaycana səfərlərinin sayının artması ölkəmizin turizm potensialına olan marağın yüksəldiyini göstərir.
Bakı–Daşkənd, Şuşa–Xivə, İsmayıllı–Riştan, Lənkəran–Buxara, Şəki–Kokənd və digər şəhərlər arasında qardaşlaşma münasibətlərinin qurulması isə xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkə TDT-ni ortaq türk tarixinin, mədəniyyətinin və mənəvi dəyərlərinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm platforma hesab edir. Siyasi, iqtisadi, nəqliyyat, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi Türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə xidmət edir.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri də son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ölkəmizin regionla əlaqələrə verdiyi strateji əhəmiyyətin göstəricisidir. Bu əməkdaşlıq formatının genişlənməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır. Bütün bunlar göstərir ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, regional və beynəlxalq müstəvidə də böyük əhəmiyyət daşıyır.
İki ölkənin beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda bir-birini dəstəkləməsi qarşılıqlı etimadın və həmrəyliyin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə Azərbaycan–Özbəkistan münasibətlərinin hərtərəfli inkişafını və gələcək perspektivlərini aydın şəkildə ortaya qoyur. Tarixi və mənəvi yaxınlıq, siyasi etimad, iqtisadi maraqlar, mədənihumanitar əlaqələr və ortaq türk irsi iki qardaş ölkənin münasibətlərini daha da möhkəmləndirən əsas amillərdir. Bu gün Azərbaycan və Özbəkistan arasında formalaşan müttəfiqlik münasibətləri xalqlarımızın ortaq maraqlarına xidmət etməklə yanaşı, Türk dünyasının birliyinin möhkəmləndirilməsinə, regional sabitliyin və davamlı inkişafın təmin olunmasına da mühüm töhfə verir.
Əminliklə demək olar ki, Azərbaycan–Özbəkistan qardaşlığı gələcək illərdə də daha da möhkəmlənəcək, yeni əməkdaşlıq layihələri ilə zənginləşəcək və hər iki xalqın rifahına xidmət edən möhkəm strateji tərəfdaşlıq nümunəsi kimi inkişaf edəcək.