Mürəkkəb şəraitdə xalqın ümid yeri təcrübəli dövlət xadimi Heydər Əliyev oldu
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən mühüm və taleyüklü günlərindən biridir. Bu tarix xalqımızın dövlətçilik ənənələrinin qorunması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin sabit inkişaf yoluna qədəm qoyması baxımından xüsusi əhəmiyyət daşıyır.
1990-cı illərin əvvəllərində müstəqilliyini yenidən bərpa edən Azərbaycan ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qalmışdı. Daxili çəkişmələr, idarəetmədəki çatışmazlıqlar və Ermənistanın hərbi təcavüzü ölkəni parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir mürəkkəb şəraitdə xalqın ümid yeri təcrübəli dövlət xadimi Heydər Əliyev oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkənin həyatında dönüş nöqtəsinə çevrildi. Ulu Öndər çıxışlarında vurğulayırdı ki, onun bütün həyatı və fəaliyyəti Azərbaycanın müstəqilliyinin qorunmasına və ölkənin ağır vəziyyətdən çıxarılmasına həsr olunacaqdır. O, xalqın etimadını doğruldaraq dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində qətiyyətli addımlar atdı.
Milli Qurtuluşdan sonra ölkədə siyasi sabitlik təmin edildi, qanunsuz silahlı dəstələrin fəaliyyəti dayandırıldı, demokratik dövlət quruculuğu istiqamətində mühüm islahatlara başlanıldı. İlk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi və Azərbaycanın dünya birliyinə inteqrasiyası bu dövrün mühüm nailiyyətləri oldu. Məhz həmin illərdə qoyulan möhkəm siyasi və iqtisadi təməl sonrakı inkişafın əsasını təşkil etdi.
Bu gün Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsidir və müasir Azərbaycan dövlətinin inkişafı həmin tarixi qərarlarla sıx bağlıdır. Son illərdə ölkəmizin əldə etdiyi uğurlar, ərazi bütövlüyünün bərpası və beynəlxalq nüfuzunun artması da Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu nəticələrindən biridir.
Milli Qurtuluş Günü xalqımızın birlik, həmrəylik və dövlətçilik ideallarının təntənəsi kimi qeyd olunur. Bu əlamətdar tarix hər bir azərbaycanlı üçün müstəqilliyimizin qorunmasının, güclü dövlət quruculuğunun və milli birliyin əhəmiyyətini xatırladan müqəddəs bir gündür.