Məcid Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon 140 nömrəli tam məktəbinin direktoru
Müasir dünyamızda əfsanəvi qəhrəmanlıq dastanına çevrilmiş İkinci Qarabağ müharibəsində Ermənistan üzərində qazandığımız parlaq Qələbə Azərbaycan tarixinə yeni şanlı səhifə yazdı. Bu qələbə ölkəmizin dünya birliyindəki mövqeyini daha da möhkəmləndirdi, reytinqini yüksəltdi. Zəfərdən sonra ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı artıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin beynəlxalq tədbirlərdə, o cümlədən xarici ölkələrə səfərlərdə qalib ölkənin Prezidenti kimi qarşılanması hər birimizdə qürur hissi yaradır.
Son vaxtlar dövlət başçımızın Brüsseldə, Praqada, Soçidə keçirilən üçtərəfli və dördtərəfli görüşlərdə göstərdiyi yüksək qətiyyət ölkəmizin Cənubi Qafqazda lider dövlət olduğunu bir daha təsdiqlədi. Bu qələbə Azərbaycanın İslam dövlətləri arasında da nüfuzunun yüksəlməsində mühüm rol oynayıb. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı da bunun şahidi olduq.
Ərəb Dövlətləri Liqası (ƏDL) 1945-ci ildə Qahirədə təsis edilib. Qərargahı Qahirədə yerləşən təşkilatın hazırkı Baş katibi Əhməd Əbul Qeytdir. ƏDL-in tərkibinə 22 dövlət daxildir. Siyasi məsələlərə xüsusi diqqət yetirən və Yaxın Şərqdəki sülh prosesində ərəb dövlətlərinin maraqlarını fəal müdafiə edən təşkilat Ərəb dünyasında 400 milyondan çox insanı əhatə edir. Azərbaycanın ərəb dünyası ilə böyük tarixi-mədəni bağlılığı var. 2005-ci ildə Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan ƏDL-də müşahidəçi statusuna malikdir. 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində Ərəb Dövlətləri Liqasının qərargahında ozamankı Baş katib Amr Musa ilə görüşmüş, Liqaya üzv olan ölkələrin səfirləri qarşısında çıxış etmişdir.
Qeyd edək ki, “Ərəb Dövlətləri Liqası - Orta Asiya - Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu” adlı format böyük perspektiv vəd edir. Həmçinin, bu il iyunun 17-də Prezident İlham Əliyev ölkəmizdə keçirilən IX Qlobal Bakı Forumunda iştirak edən Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyti qəbul edib. Söhbət zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu xüsusda qarşı tərəfin təşkilatın Bakıda ofisinin yaradılmasına dair təklifi ilə bağlı müzakirələr aparılmaqdadır.
Azərbaycan daim İslam həmrəyliyi prinsipini rəhbər tutub və bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olub. Ölkəmiz, həmçinin, ərəb dünyasının haqq işini həmişə dəstəkləyib. Dünyada islamofobiya meyillərinin daha da gücləndiyi dövrdə Azərbaycan islamafobiyaya qəti şəkildə qarşı çıxır. Ərəb ölkələri, həmçinin mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə öz dəstəyini də ifadə ediblər.
Son aylar ərzində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının, “Avropa siyasi birliyi”nin, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin, indi isə Ərəb Dövlətləri Liqasının sammitlərində iştirakı ölkəmizin həm fəal, təşəbbüskar xarici siyasət aparmasının, həm də multilateralizmə, beynəlxalq əməkdaşlığa verdiyi önəmin bariz nümunəsidir.
Bu gün ərəb dünyası üçün ən böyük problem yaradan ölkələrdən biri məhz İrandır. İran ərəb ölkələrində məzhəb bölücülüyü kimi dağıdıcı fəaliyyətlə məşğuldur. Ərəb dünyasına böyük problem yaradan digər ölkə isə - Fransa 1830-cu ildən 1962-ci ilə qədər Əlcəzairdə çoxsaylı qətliamlar törədib. Fransa Qəmər Adalarının ərazisi olan Mayot adasını işğal altında saxlayır. Birləşmiş Millətlər Təşkilatının qətnamələri Qəmər adalarının Mayot üzərində suverenliyini tanısa da, Fransa buna məhəl qoymur. Fransa Prezidenti Emmanuel Makronun “France 2” telekanalına verdiyi müsahibəsini və azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədən Ermənistana haqq qazandırmasını, həmçinin ölkəmizə qarşı böhtanlarını, ədalətsiz mövqeyini xatırlatmaq lazımdır ki, Makron Fransanın Əlcəzair xalqına qarşı törətdiyi dəhşətli soyqırımını da yada salsın.
Cənab Prezident İlham Əliyevin bir neçə gün əvvəl Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı zamanı cıxışından:” Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.”
Bəli, bu gün Azərbaycan dünya siyasətində aparıcı yer tutur. Təbii ki, bu proses bu günün deyil, Cənab Prezident İlham Əliyevin uzun illər apardığı uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan həm regionda həm də beynəlxalq arenada sözünü deyən güclü bir dövlətdir. Məhz bu amillər Azərbaycan xalqını Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir Yumruq” kimi sıx birləşdirmişdir.