Müstəqillik tariximiz bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir
Gülnarə Hənifəyeva
Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olub.Açılış mərasimində Birləşmiş Ərəb Əmirlikləri hökumətinin 4 naziri, qardaş ölkənin mümayəndələri və Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Əvvəlcə Qaradağ Günəş Elektrik Stansiyasında görülən işlər barədə videoçarx nümayiş olunub.
Onu da qeyd edim ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Cənab Prezident İlham Əliyev bu hadisənin tərəfdaşlığın və dostluğumuzun ən yaxşı nümunəsi olduğunu və hər iki ölkənin bu mərasimə böyük önəm verdiyini nümayiş etdirdini qeyd edir. Cənab prezident bu stansiyanın regionda ən böyük günəş elektrik stansiyası olduğunu və bunun yalnız başlanğıc olduğunu qeyd etmişdir. Həmçinin daha üç investisiya sazişinin imzalanacağını və planların daha geniş olduğu haqqında məlumat verilir.
Çıxışının sonunda Cənab Prezident qeyd etmişdir ki, müstəqillik tariximiz bizim təkcə enerji sahəsində deyil, bütün sahələrdə planlarımızın gerçəkləşdiyini göstərir. Çünki bizim siyasi iradəmiz var, bizim cəmiyyətdə birlik var. Bizim Birləşmiş Ərəb Əmirlikləri və Birləşmiş Ərəb Əmirliklərindən olan şirkətlər kimi möhtəşəm tərəfdaşlarımız var.
Əminəm ki, biz bütün məqsədlərimizə nail olacağıq və gələcəkdə bu kimi daha çox mərasimlər keçirəcəyik. Bizimlə burada olduqları üçün qonaqlarımıza bir daha təşəkkürümü bildirmək və bu əlamətdar tədbir münasibətilə hamımızı təbrik etmək istəyirəm.