10 noyabr 2020-ci il-uzun illər davam edən erməni işğalına son qoyulan tarix

10 noyabr 2020-ci il-uzun illər davam edən erməni işğalına son qoyulan tarix
Validə Həsənova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycanın İkinci Qarabağ, 44 günlük Vətən müharibəsi zamanı möhtəşəm qələbə qazanması, uzun illərdən bəri Ermənistanın işğalı altında olan tarixi torpaqlarımızın azad olunması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz, xalqımızın çoxəsirlik dövlətçilik tarixinin ən şərəfli səhifələrindən biridir. Həmçinin bu qələbə qonşusunun torpağına göz dikən, xalqımızın humanistliyindən, qonaqpərvərliyindən, etimadından, etibarından sui-istifadə edən ermənilərin iç üzünü, əsl simasını dünyaya bir daha göstərdi. Hər kəs gördü ki, ermənilər yalan iddialarla bəşəriyyətə fəlakət və bəla gətirən faşist ideologiyasını utanıb çəkinmədən həyata keçirirlər. Bir daha dünyaya məlum oldu ki, tarix boyu ermənilər azərbaycanlılara və türklərə qarşı amansız olmuş, insanlığa sığmayan terror aktları, dəhşətli soyqırımları törətmişlər. Bu millətin mayası sanki qəddarlıqdan tutulmuşdur. Ağsaqqala, ağbirçəyə, azyaşlı uşaqlara belə rəhm etməyən ermənilərin törətdikləri vandal aktları alman faşizmini də kölgədə qoymuşdur.
Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. Bu müddət ərzində Azərbaycan xalqı ilə yanaşı, bütün dünya ermənilərin nə qədər vandal, vəhşi xislətə malik olduqlarının bir daha şahidi oldu. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan ordumuzun hər yeni uğuruna yalnız bir o qədər aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan terror aktları törətdi. Üstəlik bu hadisələrin qadağan olunmuş silahlar vasitəsilə həyata keçirilməsi düşmənin azğınlığını iki qat artırırdı.Yaşanan dəhşətli hadisələr bütün dünyanı sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi. Azərbaycan sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Əlbəttə ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən müddət ərzində həm ordu quruculuğu sahəsində, həm diplomatiya cəbhəsində görülən işlərin, eyni zamanda beynəlxalq informasiya müstəvisində Azərbaycan reallıqlarının sistemli və məqsədyönlü şəkildə təbliğinin nəticəsidir. O da xüsusilə vurğulanmalıdır ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi xalqımızın ulu öndəri Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir. Əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılması oldu. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib.
“Böyük Qayıdış”ın ilk addımı Zəngilandan başladı. 2022-ci ilin iyulunda məcburi köçkünlərin “Ağıllı kənd” kimi yenidən qurulmuş Ağalı kəndinə qayıdışı bayrama çevrildi. Yaşayış üçün hər bir şəraitin təmin edildiyi Ağalıya 60-dan çox ailə qayıtdı.
2021-ci ilin oktyabrında Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi baş tutdu. Möhtərəm prezidentimizin fərmanına əsasən Zəfər yolunun salınması 2021-ci ilin noyabrında başa çatdı. Bu yolun salınmasında Ali Baş Komandanımızın məqsədi o idi ki, Şuşanı azad edərkən ordumuzun keçdiyi yolu əbədiləşdirsin. 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışı baş tutdu. Bu zəfərlə respublikamız tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələyə qədəm qoymuşdur.
Prezidentimiz işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışı 2030-cu ilədək 5 Milli Prioritetdən biri kimi müəyyən etmişdir. 44 günlük Vətən müharibəsini yekunlaşdıran üçtərəfli 10 noyabr Bəyanatından 3 il keçir. Lakin Ermənistan rəhbərliyi öz öhdəliklərini yerinə yetirməyə tələsmir. Hətta dəfələrlə bəyanatın müddəaları Ermənistan tərəfindən pozulmuşdur, tez-tez silahlı təxribatlar törətmişlər. Bunlara cavab olaraq Üçtərəfli Bəyanatda Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi və bundan sonra təhvil verilməsini Ali Baş Komandanımız daha tez etdi. Prezidentimizin Laçından erməni əhalisinin çıxarılması tələbini Ermənistan qoyulan vaxtadək yerinə yetirdi. Aprelin 23-də Laçında Azərbaycan Respublikasının keçid məntəqəsi quruldu. Bununla da Ermənistandan Qarabağa və əksinə hərəkət edən yüklərə, şəxslərə tam nəzarət etmək mümkün oldu.2023-cü ilin mayın 28-də bərpa edilmiş Laçın rayon mərkəzinə də Böyük Qayıdış planına uyğun olaraq ilk ailələr köçürüldü.
Sentyabrda isə Ermənistanın növbəti təxribatları cavablandırıldı. Bu barədə möhtərəm prezidentimiz oktyabrın 15-də Xankəndində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonrakı çıxışında belə gözəl nitqlər səsləndirib: “ Ordumuzun gücləndirilməsi işində yorulmadan çalışdıq. Elə bir güclü ordu yaratdıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirə bilər və biz bunu döyüş meydanında sübut etdik. Həm üç il bundan əvvəl Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdik, eyni zamanda , keçən ay cəmi 23 saat davam edən antiterror əməliyyatı bizim gücümüzü göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu.”