Müasir Azərbaycan tarixi dedikdə gözümüz önündə Ulu öndər Heydər Əliyev canlanır

Müasir Azərbaycan tarixi dedikdə gözümüz önündə Ulu öndər Heydər Əliyev canlanır

Mahru Rəcəbova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 154 nömrəli tam orta məktəbin direktoru

Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə qeyd olunur. Azərbaycan xalqı öz müdrik liderinin rəhbərliyi ilə qazandığı mühüm tarixi nailiyyətləri ilə dünya birliyinin layiqli üzvlərindən birinə, söz sahibinə çevrilib. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanmış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz beynəlxalq aləmdə layiq olduğu yüksəkliyə məhz Ulu öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, polad iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

SSRİ-nin süqutu gedişində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ilk illər anarxiya, özbaşınalıq, xaos baş alıb gedirdi. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi yenicə qazanılan müstəqilliyimizi məhvə aparırdı. Keçmiş SSRİ-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklərlə müşayiət olunsa da, Azərbaycanda vəziyyət getdikcə ağırlaşır, ən mürəkkəb proseslər məhz bizim ölkəmizdə baş verirdi. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuşdu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və köçkün düşmüşdü. Belə ağır məqamda xalqı öz arxasınca apara biləcək bir liderə böyük ehtiyac ­yaranmışdı.

Tarixi hadisələr də təsdiqləyir ki, Ulu öndər Heydər Əliyevin həyatı daim Azərbaycan xalqı, onun taleyi ilə bağlı olub. Vətənin ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək, xalqı bütün çətinliklərdən qurtarıb. 1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. Xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev respublikanı düçar olduğu bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan, parçalanmadan xilas etdi.

 Ulu öndərin respublikamıza rəhbərliyi ilə xalqımız Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin olunması kimi ən böyük arzusuna çatdı. Müasir Azərbaycan tarixi dedikdə, öncə, gözümüz önündə ulu öndərimiz, bütün varlığı ilə xalqına böyük məhəbbətlə bağlanmış Heydər Əliyev canlanır. O, özünün dediyi kimi, azərbaycanlı olması ilə daim qürur duyurdu: “Mən həmişə fəxr etmişəm və indi də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Ümummilli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də azərbaycançılıq məfkurəsinin elmi-nəzəri və praktik əsaslarla işlənib hazırlanması, eləcə də, milli ideologiyamızın qayəsinə çevrilməsi oldu.

1991-1993-cü illər Azərbaycanın Müstəqillik tarixində nəinki itirilmiş illər hesab olunur, həm də bu illərdə Azərbaycan “ölüm, ya olum” dilemması qarşısında qalmışdı”. Azərbaycan xalqının belə ağır və çətin vaxtında hamının diqqəti o zaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqı belə ağır vəziyyətdən qurtara bilən yeganə dünyəvi şəxsiyyət ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Belə çətin və mürəkkəb bir zamanda Azərbaycan xalqının və Azərbaycan ziyalılarının dəvəti ilə müdrik el ağsaqqalı, zəngin dövlətçilik təcrübəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, iyunun 15-də Respublika Ali Sovetinin (indiki Milli Məclis) Sədri seçildi. Həmin gün Azərbaycan xalqının şərəfli tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Heydər Əliyev ümumxalq səsverməsi yolu ilə 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçildi.

Azərbaycan xalqının tarixində yeni bir dövr başlandı. Milli Məclisin 1997-ci il 27 iyun tarixli iclasında 15 iyun günü “Milli Qurtuluş Günü” elan edildi. Milli-mənəvi dəyərlərə malik olan qurtuluş hərəkatı əslində ötən əsrin 70-ci illərində başlanmış və ən ülvi məqsədlərlə həyata keçirilmişdir. Bu vəzifələr məhz Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli təəssübkeşliyinin nəticəsi idi. İnzibati-amirlik sisteminin güclü vaxtında milli dəyərlərin həyata keçirilməsi çox böyük cəsarət tələb edirdi. Heydər Əliyev istedadı buna nail ola bildi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə köklü islahatlar aparıldı və fundamental əhəmiyyətə malik olan tədbirlər həyata keçirildi. Konkret desək, zənnimizcə həmin tədbirlər əsasən aşağıdakılardır: Birincisi, Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə fundamental nailiyyətlər qazanıldı. Həmin illərdə respublikada 250-dən çox zavod, fabrik və digər sənaye müəssisələri, o cümlədən Mingəçevir və Şəmkir SES-ləri, Bakı kondisioner zavodu, Sumqayıt kompressorlar zavodu, Gəncədə xalça zavodu, qənnadı zavodu, çini-saxsı qablar zavodu, Əli-Bayramlı məişət cihazları zavodu, Bakıda neft emal zavodu, neft maşınqayırma zavodu, ELOU-AVT üzən qurğusu, Naxçıvanda, Balakəndə, Zaqatalada və Xankəndidə aeroportlar, Bakıda yeni təyyarə limanı, Yevlax-Balakən və Ağdam-Xankəndi dəmir yolları, Bakı metrosunun 2-ci növbəsi, Bakıda 7 mikrorayon, Badamdar, Əhmədli, Hövsan yaşayış kompleksləri və digər sənaye müəssisələri tikilib istifadəyə verildi. Heydər Əliyevin göstərişi ilə Azərbaycanda 6 yeni ali məktəb, C.Naxçıvanski adına hərbi məktəb, çoxlu təhsil müəssisələri yaradıldı, milli yaddaş və milli özünüdərk ideyaları inkişaf etdirildi. Nizami, Nəsimi, Gəncə, Babək adına rayonlar yaradıldı.

 Heydər Əliyev sovet idarəçiliyi prinsiplərində iqtisadi sistemdən istifadə edərək Azərbaycanın güclü və qüdrətli olmasını təmin etməyə çalışırdı. O, öz addımlarının uğura hesablandığının fərqində idi və bu uğurun da gerçəkləşməsinə hər zaman inanırdı. Heydər Əliyev 18 sentyabr 2002-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulmasında demişdir: "Şübhə yoxdur ki, gələcək nəsillər bizim gördüyümüz bu işlərdən bəhrələnərək daha da firavan yaşayaraq ölkəmizdə, Azərbaycanda demokratik, hüquqi dünyəvi dövlət quruculuğu şəraitində, vətəndaş cəmiyyəti şəraitində yaşayaraq bunların bəhrəsini görəcəklər. Bu tarixi biz yazırıq”. "Əsrin müqaviləsi” 1994-cü il sentyabr ayında imzalandıqdan sonra istehsal olunan neftin daşınmasında dəmiryolçuların üzərinə böyük məsuliyyət düşdü.

1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in yeni Konstitusiyasında 15 sovet respublikaları içərisində yeganə olaraq bizim Əsas Qanunumuzda Azərbaycan dili rəsmi dövlət dili kimi Konstitusiyaya daxil edildi. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Aşıq Alı, Ü.Hacıbəyov, M.Maqomayev, H.Cavid və başqalarının təntənəli yubileyləri keçirildi. Taqanroqda, Sevastapolda milli diviziyaların şərəfinə abidələr ucaldıldı. Heydər Əliyevin Azərbaycana rəhbərliyi illərində 350 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edilirdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan tarixində dönüş mərhələsi adlanır. Çünki həmin illərdə Azərbaycan sosial-iqtisadi, hərbi və mədəni inkişafda böyük nailiyyətlər qazandı.

İkincisi, Heydər Əliyev 1990-cı ilin iyununda Bakıya, oradan da Naxçıvana gəldi, 1991-ci ilin sentyabrından Azərbaycan xalqının qurtuluş hərəkatı başlandı və bu qurtuluş hərəkatına başçılıq etməyə başladı. Naxçıvana rəhbərlik etdiyi illərdə Heydər Əliyevin təşəbbüsü ilə əvvəla, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, ikincisi, “Ali Sovet”, “Ali Məclis” adlandırıldı, üçüncüsü, ADR-in üçrəngli bayrağı ilk dəfə Naxçıvan MR-in dövlət bayrağı kimi qəbul edildi, dördüncüsü, Kommunist partiyasının fəaliyyəti dayandırıldı, beşincisi, SSRİ-nin saxlanılması barədə referendumdan imtina edildi, altıncısı, 20 Yanvar faciəsinə ilk dəfə MR-də siyasi və hüquqi qiymət verildi, yeddincisi, Dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar qəbul edildi. Bu cəsarətli addımların atılması Naxçıvanı qurtuluş mücadiləsinin önünə çıxardı və Heydər Əliyevə ümumxalq məhəbbəti daha da artdı.

Bütün Azərbaycan xalqı aydın şəkildə başa düşdü və dərk etdi ki, ölkəni bu xaosdan qurtara bilən yeganə şəxsiyyət və dövlət rəhbəri ancaq və ancaq Heydər Əliyev ola bilər. Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıq göstərib. Bunun ən bariz nümunələrindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığı təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçıvaris yetişdirməsindədir.

Bu gün Ümummilli Liderin ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi və fəaliyyəti nəticəsində yaşayır və uğurla inkişaf edir. Əminliklə demək olar ki, dövlət başçısının apardığı həm xarici, həm də daxili siyasət Heydər Əliyev kursunun davamıdır. Bu siyasətin təməlində isə Azərbaycan dövlətinin güclənməsi, onun müstəqilliyinin qorunması, iqtisadiyyatının inkişafı və əhalisinin maddi rifah halının yaxşılaşması durur. XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxarmış müdrik xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar edib.

“Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir” – deyərək fəaliyyətə başlayan Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq, 44 günlük müharibədə xalqımızı “Dəmir Yumruq” kimi birləşdirib işğal altında olan torpaqlarımızı azad edərək hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu bir daha sübuta yetirdi.