Moskva Oftalmologiya Məktəbi Zərifə Əliyevanı oftalmologiyanın mirvarisi adlandırmışdır
Dürdanə Kəngərli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayonu 15 saylı Birləşmiş Şəhər Xəstəxanasının göz həkimi
“İnsan var üzündən, insan var izindən tanınar“ deyib atalar. Üzdən tanınanların ömrü yaşadıqları günlərin sayı qədər olur və sonradan unudulur. Lakin izindən tanınanlar əməlləri ilə insanların, zaman-zaman formalaşan nəsillərin qəlbində hər vaxt ucalır, əbədi yaşamaq haqqı qazanır. Belə şəxsiyyətlərdən biri də bütün ömrünü xalqına, millətinə həsr edən, insanların qəlbində dünya durduqca yaşamaq haqqı qazanan, sadəliyi ilə qəlbləri fəth edən Zərifə Xanım Əliyevadır.
Qədim yunan filosofu Platondan soruşurlar ki, nəyə görə müəllimlərinə valideynlərindən daha çox hörmət edirsən? O, cavabında bildirir ki, valideynlərim məni göydən yerə endirdi, müəllimlərim isə əksinə, yerdən göyə qaldırdı. Zərifə xanım bir ziyalı, müəllim, alim və ən əsası, bütün yüksək keyfiyyətlərə malik insan kimi yüzlərlə, minlərlə şəxsin formalaşmasında,icalmasında xüsusi rol oynadı.
Zərifə xanım sözün əsl mənasında böyük müəllim və həkim idi. O Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini vermiş, gənc kadrların hazırlanmasında çox böyük fəaliyyət göstərmişdir. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən bu dahi insanın geniş miqyaslı olması qənaətinə gəlmək olar. O, oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli təqdiqatlar aparmış və dəyərli elmi-tədqiqat işləri yazmışdır.
Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr etmişdir. Həmin illərdə Azərbaycanda traxoma xəstəliyi çox geniş yayılmışdı. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütovlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı.
Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi-profilaktik tədbirlərin təşkilində fəal iştirak edir. O traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim oftalmoloqlarla görüşür, əhali arasında çoxlu söhbətlər, sanitar-profilaktik işlər aparırdı. Zərifə xanım tədqiqat işini traxomanın müalicəsində və onun ağırlaşdığı halda daha təsirli vasitələrin istifadəsinə o dövr üçün yeni olan antibiotikdən, sintomitsindən istifadə olunmasına həsr edir. Bu tədqiqatların nəticələri Zərifə xanımın uğurla müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi“ mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etdi.
Zərifə xanım gözün peşə xəstəliklərinə böyük əhəmiyyət vermişdir. Zərifə xanım bu problem üzərində iş apararkən şəxsən sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan işçiləri müayinədən keçirmişdir. Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrində, o cümlədən şin zavodunun sexlərində laborator şəraitində elmi təcrübələr aparmışdı. Geniş miqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zərərli maddələrin görmə orqanına əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir. Çoxillik müşahidələrin, klinik tədqiqatların nəticələri Zərifə xanımın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.
1977-ci ildə professor Zərifə xanım Əliyevanın təklifi ilə Bakı şəhərinə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti idarə heyətinin plenumu keçirilir. Plenuma hazırlıq və onun keçirilməsi böyük təşkilatçılıq bacarığı və zəngin təcrübəsi olan Zərifə xanıma həvalə edilir. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənməsi üzrə ilk ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası yaradılması barədə Zərifə xanımın irəli sürdüyü təşəbbüsü bəyənir və 1979-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda həmin laboratoriya fəaliyyətə başlayır. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata- M.İ.Averbax adına mükafata layiq görülür.
Qeyd etmək lazımdır ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın olmuşdur. Bunlarla yanaşı Zərifə xanım nadir sahə olan iridodiaqnostika ilə ciddi məşğul olmuş, bu sahədə iki monoqrafiya yazmışdır. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım yazmışdır.
Zərifə xanımın elmi fəaliyyəti onun vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana olmasına mane olmamışdır. Ümummilli lider Heydər Əliyev Zərifə xanım haqqında: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəsi şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım haqqında tarixi sözlər demişlər. Moskva Oftalmologiya Məktəbi Zərifə Əliyevanı oftalmologiyanın mirvarisi adlandırmışdır. Dünya şöhrəti oftalmoloq akademik A.Nesterov demişdir: “Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o bir nömrəli idi“. Akademik N.Puçkovskaya “Xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi“ deyərək alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulamışdır. Professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Professor N.Şulpina Zərifə xanımın dünya şöhrətli adlandıraraq “Biz onu sevmişik, sevirik və ömrümüzün sonunadək sevəcəyik“ demişdir. Görkəmli dövlət və elm xadimi bütün bilik və bacarığını xalqa xidmətə həsr etmiş Zərifə xanım valideynlərinə layiq bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanımın savadı, təvazökarlığı, sadəliyi, insanlarla ünsiyyət yaratmaq bacarığı bütün həkimlərə örnək olmalıdır.
Bəli, bu gün ziyarətə çevrilmiş ünvanlarda uyuyan ümummilli lider Heydər Əliyevin və onun həyat yoldaşı Zərifə xanım Əliyevanın ruhu şad, qəbirləri nurludur. Çünki onların tərbiyə verdiyi övladı- İlham Əliyev bu gün Azərbaycana bu ailənin adına layiq xidmət edir.
Bir daha Allahdan sizə rəhmət diləyirik. Ruhunuz şad olsun !