Misir Ərəb Respublikasına baş tutan iki günlük səfəri bir çox aspektlərdən xüsusilə diqqəti cəlb edir

Misir Ərəb Respublikasına baş tutan iki günlük səfəri bir çox aspektlərdən xüsusilə diqqəti cəlb edir
Elnarə İlyina
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 87 nömrəli tam orta məktəbin müəllimi
Formal olaraq səfər çərçivəsində Azərbaycan və Misir arasında bir sıra sahələrdə, o cümlədən, elektrik və bərpaolunan enerji, iqtisadiyyat, sərmayə və azad zonalar, informasiya və kommunikasiya texnologiyaları, gənclər və idman və digər bir sıra sahələrdə əməkdaşlıq sənədləri imzalanıb.
Səfər çərçivəsində keçirilən mətbuat konfransında iki prezident əməkdaşlığın dərinləşməsi, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı haqda bəyanatlar veriblər. O da məlumdur ki, Azərbaycan-Misir əlaqələri hər zaman isti olub, iki ölkə arasında ciddi soyuqluq mövcud olmayıb. Bu mənada 8 iyun səfərini bir mənada əməkdaşlığın dərinləşdirilməsi cəhdi kimi qiymətləndirmək olar.
İslam aləmində, ümumiyyətlə, dünyada ilk universitet hesab olunan əl-Əzhər Universiteti müsəlman aləminin elm və düşüncə mərkəzləri sırasında ciddi ağırlığa, hətta lider mövqeyə malikdir. Bu elmi-dini mərkəzin nüfuzu heç də Misir dövlətindən az deyil. Bu mənada prezident İlham Əliyevin əl-Əzhər Universitetini və onun rektorunu ziyarət etməsi, verilən dostluq, əməkdaşlıq mesajları mühüm əhəmiyyət kəsb edir.
Şeyxin ət-Tayyib bu ilin noyabrında Bakıya gələcəyini və COP29 çərçivəsində dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparılacağını bildirib. Nəticə etibarı ilə son 10 ildə inqilablar, çevriliş və iqtisadi sıxıntılar yaşamasına baxmayaraq, Misir hələ də müsəlman aləminin aparıcı ölkəsi olaraq qalır. Misir həm Yaxın Şərqdə ərəb-İsrail münaqişəsinin kilid ölkəsi, Afrika və Asiya arasında keçid ölkə kimi, eyni zamanda sürətlə artan əhalisi, güclü ordusu ilə regionun güclü dövlətidir.
Prezident İlham Əliyevin yürütdüyü müdrik və uzaqgörən xarici siyasət nəticəsində dövlətimiz dünyada etibarlı tərəfdaş kimi tanınır. Ən yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlər isə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verir. Azərbaycanın çoxşaxəli xarici siyasətində əsas vektorlardan biri də ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsidir. İslam həmrəyliyi prinsipini daim rəhbər tutan Azərbaycan bu xüsusda ərəb dövlətləri ilə həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır.
Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əlaqələr çoxşaxəlidir və bunun genişləndirilməsi üçün tədbirlər həyata keçirilir.
SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.
Bu baxımdan Prezident İlham Əliyevin iyunun 7-də Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verərək, münasibətlərin inkişafında yeni səhifə açır. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə Prezident İlham Əliyev arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib. Dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.
İyunun 8-də Qahirədə prezidentlərin iştirakı ilə iki dost ölkə arasında müxtəlif sahələri əhatə edən 7 mühüm sənəd imzalanıb. Təbii ki, imzalanan sənədlər ölkələrimiz arasında əməkdaşlığın  dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirəcək.Mətbuata nəyənatlarında dövlət başçıları deyinlər ki, iki dost ölkə arasında hərtərəfli münasibətlər bundan daha da inkişaf edəcək
Nəticə etibarı ilə Misir səfəri həm iki ölkə əlaqələrinin inkişafı, həm də Misir rəhbərliyinin COP29-da iştirakı və ümumilikdə Azərbaycana beynəlxalq platformalarda dəstək verməsi, həm də Fələstin-İsrail münaqişəsi fonunda Azərbaycanın Misirlə həmrəylik nümayiş etdirməsi bu səfərin önə çıxan əsas məqamları oldu.