Milli Qurtuluşdan Zəfərə Gedən Yol

Milli Qurtuluşdan Zəfərə Gedən Yol
Seymur Rəsulov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Hövsan Bələdiyyəsinin sədri

Azərbaycan xalqının müasir tarixində taleyüklü hadisələrlə zəngin olan günlərdən biri də 15 İyun Milli Qurtuluş Günüdür. Bu tarix təkcə bir siyasi hadisə deyil, həm də Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi və ölkəmizin inkişaf yoluna çıxmasının başlanğıcı kimi böyük əhəmiyyət daşıyır. 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkənin həyatında yeni mərhələnin əsasını qoymuş və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət sonra ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşmişdi. 

Ölkədə hakimiyyət böhranı hökm sürür, ayrı-ayrı qüvvələr arasında qarşıdurmalar dərinləşir, vətəndaş müharibəsi təhlükəsi yaranırdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, dövlətçiliyimiz isə ciddi təhlükə altında qalırdı. Belə bir mürəkkəb və gərgin şəraitdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçildi və ölkənin xilası naminə məsuliyyəti öz üzərinə götürdü. 

Məhz bu tarixi qərardan sonra Azərbaycanda sabitliyin bərpası, dövlət idarəçiliyinin gücləndirilməsi və milli həmrəyliyin təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər həmin günlərdə xalqa müraciət edərək belə demişdir: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır.” Bu sözlər onun dövlətə, xalqa və müstəqilliyimizə sonsuz sədaqətinin ifadəsi olmaqla yanaşı, gələcək fəaliyyət proqramının da əsasını təşkil edirdi. Sonrakı hadisələr göstərdi ki, Heydər Əliyev bu vədinə sadiq qaldı və Azərbaycanı böhrandan çıxararaq inkişaf yoluna yönəltdi. 

Milli Qurtuluşdan sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, qanunçuluq bərpa olundu, dövlət quruculuğu prosesi sürətləndirildi. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi, xarici investisiyaların cəlb olunması üçün əlverişli şərait yaradıldı və ölkənin gələcək inkişaf strategiyası müəyyənləşdirildi. 

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” də məhz bu sabitliyin nəticəsi idi və Azərbaycanın iqtisadi yüksəlişinin əsasını qoydu. Bu gün müstəqil Azərbaycanın qazandığı uğurlar, beynəlxalq nüfuzu, iqtisadi inkişafı və ərazi bütövlüyünün təmin olunması Milli Qurtuluş ideyalarının məntiqi nəticəsi kimi qiymətləndirilir. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni nailiyyətlərə imza atır.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyimizin xilası, milli birliyimizin təntənəsi və müstəqilliyimizin əbədiliyinin rəmzi kimi yaşayır. Bu əlamətdar tarix hər bir vətəndaşa dövlətimizin hansı çətin sınaqlardan keçərək bu günə gəlib çatdığını xatırladır və gələcək nəsillərə vətənə, dövlətə sədaqət nümunəsi kimi ötürülür. 

Milli Qurtuluş Günü Azərbaycanın dünəninin, bu gününün və sabahının təməl daşıdır.