“Milli Qurtuluş Fəlsəfəmiz Suverenliyimizin, Sağlam Gələcəyimizin Təminatçısı rolunda” adlı dəyirmi masa keçirilib

11 iyun 2025-ci ildə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və 1 saylı Birləşmiş Uşaq Xəstəsəxanasının birgə təqdimatında “Milli Qurtuluş Fəlsəfəmiz Suverenliyimizin, Sağlam Gələcəyimizin Təminatçısı rolunda” adlı dəyirmi masa keçirilmişdir. Tədbirdə 1 saylı Birləşmiş Uşaq Xəstəsəxanasının baş həkimi, YAP-ın fəal üzvü Fikrət Zeynalov, YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, YAP Suraxanı rayon təşkilatının məsləhətçiləri Ənvər Haqverdiyev və Fərəh Məcidzadə, 1 saylı Birləşmiş Uşaq Xəstəsəxanasının baş həkiminin müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Hacızadə və tibb işçiləri iştirak etmişlər.
Dövlət himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Heydər Əliyev və TİBB” adlı sənədli film nümayiş olunub.
Dəyirmi masanı giriş sözü ilə açan 1 saylı Birləşmiş Uşaq Xəstəsəxanasının baş həkiminin müavini, YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri Arzu Hacızadə geniş nitq ilə çıxış etmişdir. Arzu Hacızadə bildirmişdir ki, Bu gün biz Azərbaycanın taleyini dəyişən, dövlətçilik tariximizin dönüş nöqtəsi olan 15 İyun- Milli Qurtuluş Gününü dərin ehtiramla yad edirik. 1993-cü ilin məhz bu günü Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin siyasi xaosdan, vətəndaş qarşıdurmasından, parçalanma təhlükəsindən xilas olduğu gündür.
1 saylı Birləşmiş Uşaq Xəstəsəxanasının baş həkimi, “Tərəqqi” medallı “Əməkdar həkim”, YAP-ın fəal üzvü Fikrət Zeynalov Milli Qurtuluşun gerçəkləşdiyi günlərə nəzər salaraq dedi ki, Ulu Öndərin ölkə rəhbərliyinə gəlişi ilə Azərbaycan təkcə dövlətçiliyini qoruyub saxlamaqla kifayətlənmədi, həm də öz müstəqilliyini möhkəmləndirməyə başladı. Onun uzaqgörən siyasəti və milli maraqlara söykənən qərarları nəticəsində ölkədə sabitlik və inkişaf üçün münbit tarixi şərait formalaşdı.
YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin Naxçıvan dövrünün ən parlaq səhifələrindən biri heç mübaliğəsiz məhz Yeni Azərbaycan Partiyasının yaradılması olmuşdur. Heydər Əliyevi bütün xalq öz nicatı, pənahı kimi görürdü. Lakin onun adının dilə gətirilməsi o dövrdə yalnız cəsarətli adamların işi idi. Onun qayıtması üçün az qala canlarını ortaya qoyanlar fırtınalardan keçmişlərdir. 91 nəfər ən dəyərli adam var idi ki, onlar və ətrafları Ulu Öndərə müraciət etdilər. Bu müraciət hakimiyyətə çağırış deyildi. Bu çağırış xilaskara müraciət idi. Və Heydər Əliyev kimi dahi şəxsiyyət, qorxmaz adam canı bahasına da olsa, bu müraciətə biganə qala bilməzdi. Qalmadı da
Tibb işçiləri ilə qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən dəyirmi masa iştirakçıları çıxış edərək bildirdilər ki, Ulu Öndər Heydər Əliyev Milli Qurtuluşumuzu şüurlarda, qəlblərdə formalaşdırdı. Milli Qurtuluş ruhu həm də milli Vətənpərvər ruhun formalaşmasına xidmət etdi. Bu eşq və bu arzu o qədər böyük niyyətə çevrildi ki, hətta Ümummilli Liderin fiziki yoxluğunda belə bir öz yolumuzla Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işıqlı sabahlara doğru gedirik.