Milli Həmrəylik Günü, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir
Solmaz Səfərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 280 saylı körpələr evi və uşaq bağçasının müdiri
Hər ilin son günü, dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin hökmü ilə dünyanın hər yerinə səpələnmiş soydaşlarımızın öz tarixi Vətənləri – müstəqil Azərbaycanımızla əlaqələrinin möhkəmlənməsində, həmçinin onların bir-biri ilə sıx vəhdətdə olmalarında, milli-mənəvi dəyərlərimizin, tarixi ənənələrimizin qorunub saxlanmasında mühüm rol oynayır.
Milli Həmrəylik Günü, ilk növbədə, azərbaycançılıq ideologiyasına söykənir. Bu ideologiya ətrafında birləşən hər bir soydaşımız, harada yaşamasından asılı olmayaraq, doğma Azərbaycanın inkişafına, onun dünya birliyində layiqli yer tutmasına, Vətənimizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv surətdə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu bilir.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün məhz dekabrın 31-də keçirilməsi heç də təsadüfi deyil. XX əsrin sonlarında keçmış SSRİ-də gedən proseslər Azərbaycanda milli oyanış hərəkatının geniş vüsət almasına zəmin yaratdı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, yüz minlərlə soydaşımızın Ermənistandan, keçmış Dağlıq Qarabağdan didərgin düşməsi “Meydan hərəkatı”na gətirib çıxartdı. 1988-ci il noyabrın 17-də Bakıda indiki Azadlıq meydanına toplaşan xalq ədalətsizliyə qarşı fasiləsiz kütləvi etiraz aksiyasına başladı.
Belə bir vaxtda azərbaycanlıların Vətən azadlığı naminə həmrəyliyinə, birliyinə zərurət yarandı. Həmin dövrdə - 1989-cu il dekabr ayının 31-də Naxçıvan əhalisi “sərhəd hərəkatı”na başladı. Xalq Arazın o tayında yaşayan qohum-əqrəbası və soydaşları ilə görüşmək məqsədilə sərhəd dirəklərini söküb dağıtdı. Mərkəzin sərt tədbirlərinə baxmayaraq, naxçıvanlıların dəmir iradəsi ilə 1989-cu ilin dekabr ayının 31-də bütün sərhədlər açıldı, dost-doğmalar görüşdülər, 70 illik həsrətə son qoyuldu. Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün dahi siyasətçi Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisi 1991-ci il dekabr ayının 16-da hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi haqqında qərar verdi. Bundan cəmi doqquz gün sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası hər il dekabr ayının 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunması barədə sərəncam verdi.
2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I qurultayı azərbaycanlıların birləşdirilməsi baxımından mühüm hadisə oldu. Ulu Öndər dərin məzmunlu nitqində dünya azərbaycanlılarının milli birliyinin, həmrəyliyinin təmin edilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, o cümlədən ana dilinin, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirdi.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Dahi rəhbərin bu kəlamları bütün soydaşlarımız üçün milli qürur rəmzinə çevrilmişdir.
Ümummilli Liderimiz Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin, birliyin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü, uğurlu siyasət həyata keçirilmişdir. Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi və güclü Azərbaycan diasporunun formalaşdırılması ölkəmizdə dövlət siyasətinin başlıca istiqamətini təşkil edir. Təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyaları bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Hazırda Azərbaycanlıların həmrəyliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin iqtisadi , mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri tədbirləri görür.
Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyev isə bu siyasi kursu dinamik inkişafla davam etdirərək, Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasında olması naminə xüsusi fədakarlıq göstərir. Tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin parlaq təzahürüdür. Bu müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı.
Möhtərəm Prezident xarici mediada, başqa ölkələrdə yaşayan azərbaycanlılar isə öz yerlərində qətiyyətlə haqq səsimizi ucaltdılar. Bu gün hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir. Bu həmrəylik bizi daha böyük qələbələrə aparacaq!