Bu qanun siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də özündə ehtiva edir

Bu qanun siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də özündə ehtiva edir

Arzu Məmmədova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 226 nömrəli tam orta məktəbin direktoru

Azərbaycanda siyasi partiyalar XX əsrin əvvəllərində yaranıb. Belə ki, xalqın milli şüurunun, milli özünüdərkin güclənməsi, milli-azadlıq hərəkatına rəhbərlik etmək zərurəti Azərbaycanda bir sıra milli siyasi partiyaların yaradılması ilə nəticələndi. Bu gün də dünyada siyasi partiyaların yaradılması prosesi gedir. Həm də siyasi partiyaların hər biri qarşısına qoyduğu məqsədlərə, fəaliyyət metodlarına və prinsiplərinə görə seçilirlər.

Məlumdur ki, cəmiyyətin inkişafında, demokratik prinsiplərin həyata keçirilməsində, konstitusiya hüquqlarının, qanunların aliliyinin qorunması və s sahələrdə siyasi partiyaların rolu vardır. 30 il öncə, yəni, 1992-ci il 3 iyun tarixində Azərbaycan Respublikasının “Siyasi partiyalar haqqında” qanunu qəbul edilmişdir. Həmin qanun qüvvədən düşdüyünə görə yeni qanuna ehtiyac yarandığından, sonradan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişdir.       

Milli Məclisə də bütünlükdə 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur. Bu il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” qanun imzaladı. Qeyd edim ki, “Siyasi partiyalar haqqında” yeni qanun öncə həm də layihə variantında ictimai müzakirələrdən keçdi.

“Siyasi partiyalar haqqında” qanunda Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistemlə bərabər eləcə də Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələr də nəzərə alınıb.                        

Bu qanun siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmlərini də özündə ehtiva edir. Belə ki, siyasi partiyanın fəaliyyətinin qanunvericiliyin və nizamnaməsinin tələblərinə uyğunluğuna nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum həyata keçirəcək. Həmin qurum siyasi partiyanın fəaliyyətinin Azərbaycanın normativ hüquqi aktlarına və nizamnaməsinə uyğunluğunu öyrənəcək, partiyanın yaradılması zamanı yol verilən hüquq pozuntularını araşdıracaq və hətta siyasi partiyanın fəaliyyətinin dayandırılması və onun ləğvi barədə məhkəmədə iddia qaldıracaq.                 

Bundan əlavə, nəzarətedici qurum partiyanın fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə baxacaq və mediada yayılan məlumatları nəzərdən keçirəcək. Siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə yol verilmir. “Siyasi partiyalar haqqında” qanunda diqqət çəkən məqam odur ki, siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq.

Eyni zamanda siyasi partiyaların təsis edilməsi prosesi 2 hissəyə bölünüb:   Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) təsis yığıncağını keçirərək partiyanın nizamnaməsini və proqramını qəbul edirlər, təmsilçilik məqsədilə təsisçilər sırasından səlahiyyətli şəxsi müəyyən edirlər. 30 gün müddətində səlahiyyətli şəxs Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edərək təsis yığıncağının protokolunu, partiyanın nizamnaməsini və proqramını təqdim edir. Ədliyyə Nazirliyi 30 gün müddətində sənədləri yoxlayır.

Sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə siyasi partiya 180 gün müddətində 5000 üzv sayının təmin edilməsi üçün tədbirlər görür və üzvlərin reyestrini tərtib edir. Siyasi partiyanın səlahiyyətli şəxsi 180 günlük müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət edir.                                                                                                              

Həmçinin, yeni qanunda göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi partiyanın üzvü ola bilməzlər. Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Siyasi partiyalar haqqında” qanun xüsusi olaraq vurğulamaq istərdim ki, müstəqil və demokratik respublikamızda həm mütərəqqiliyi, həm də dövrün və zamanın tələblərini əhatə edir.