20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi
Könül Hümbətova
16 saylı Uşaq Poliknikasının baş həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
20 Yanvar - qanla yaddaşımıza yazılan həmin gün. Əliyalın insanlara hücum olunan və qətlə yetirilən o gündən artıq 33 il keçir. 20 Yanvar hadisələrin təfərrüatlarını yetişməkdə olan hər bir azərbaycanlı bilməlidir və heç vaxt unutmamalıdır. Həmçinin bu qanlı hadisələrindən hər bir vətəndaş siyasi dərslər çıxarılmalıdır. Bilməliyik ki, 20 Yanvar hadisələri Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayətdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 23:30 radələrində Bakıya silahlanmış Qızıl Ordu hücum etdi. Sovet ordusu xalqımıza qarşı görülməmiş dəhşətli bir faciə törətdi, dinc əhalini gülləboran etdilər. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.
Sovet ordusunun Azərbaycanda günahsız insanların qətlə yetirməsinin məqsədi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi. Çünki artıq xalq öz oyanışını, milli azadlığını tələb etməyə başlamışdır. Bu qanlı terror onun əqidəsini sındıra bilməzdi. Əsarətdən qurtulmaq istəyən xalq üçün başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı.
Bununla da, Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqillik ideyası ümummilli amala çevrildi. Bu qətliamı bilən dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə sıx birləşdilər, öz səslərini hamıya çatdırmağa başladılar.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edərək bildirmişdir: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir. Onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır”.
20 Yanvar hadisələrinə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin mərdliyi və siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini almışdır. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli lider Heydər Əliyev oldu.
Həmçinin Heydər Əliyevin Fərmanı ilə "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşmışdır.
Azərbaycan dövləti öz şəhidlərini heç vaxt unutmur və onların xatirəsini daim uca tutur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu möbariz oğul və qızlarının şöcaətini daim yöksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.
Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” olmuşdur.