Nuranə Hüseynova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin direktor müavini
2020-ci il mart ayının 10-da müstəqillik tarixində ilk növbədənkənar parlament seçkiləri keçirilmişdir. Seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan islahatları sistemli şəkildə dərinləşdirmək və Milli Məclisin fəaliyyətini təkmil şəkildə təşkil etmək olmuşdur. Növbədənkənar keçirilən seçkilərlə bağlı Avropa İttifaqı tərəfindən göstərilən münasibət seçkilərin tanınması deməkdir. Demokratik şəkildə keçirilən seçkilərdə müxalifət partiyalarının nümayəndələri də təmsil olunmuşdur ki, bu siyasi münasibətləri sağlam zəmində möhkəmləndirməyə xidmət edir.
Milli Məclis qarşısında duran əsas məsələlərdən biri qanunvericilik sahəsində lazımi addımların atılmasıdır. Bu sahədə deputatların qarşısında bir sıra böyük vəzifələr qoyulmuşdur. Yeni tərkibi formalaşan Milli Məclis yeni təkanlar verəcək, qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir. Vəzifələrin icrası üçün bir sıra yeni qanunlar qəbul edilməlidir. Eyni zamanda milli dəyərlərimiz və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da genişləndirilməlidir.
Milli Məclisin üzvləri daim fəal olmalı, seçicilərlə təmas qurmalı, bir sözlə mənəvi cəhətdən qüsursuz olmalıdır. Ölkəmizə qarşı qərəzli bəyanatlar verilən qurumlarda mövqelərimizi gücləndirməli, ölkə xaricində anti-Azərbaycan qüvvələr yaratmaq istəyənlərin niyyətləri puça çıxmalıdır. Çünki bu, dövlətə qarşı edilən cinayətdir. İqtisadi sahədə inkişafla bağlı Milli Məclis bir sıra yeni addımlar atmalıdır. Radikalizmə qarşı mübarizə genişləndirilməlidir. Müsəlman ölkələri arasında böyük nüfuza malik olan ölkəmiz qonşu ölkələrlə sağlam, işgüzar münasibətlərini qoruyub saxlamalıdır.