Mehriban xanım Əliyeva - Azərbaycan qadınlarının mehribanlıq nümunəsi

Mehriban xanım Əliyeva - Azərbaycan qadınlarının mehribanlıq nümunəsi

Məzahir Heydərli

YAP Suraxanı rayon təşkilatının fəal gənci

Ulu Öndər Heydər Əliyevin müdrik bir kəlamı var: “Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, xalqımızın taleyüklü məsələlərinn həll edilməsində öz sanballı töhfələrini vermişlər ”.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti, Birinci xanım Mehriban Əliyeva haqqında deyib: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.

Bəli, bu bir həqiqətdir. Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub. Dövlət rəhbərimizin ömür-gün yoldaşı kimi Mehriban xanımın üzərinə daha bir tarixi missiya düşüb. Mehriban xanım Əliyeva tariximizdə ilk dəfə olaraq Birinci xanım institutunu formalaşdırıb.

Alicənablıq, insanpərvərlik, kübarlıq kimi yüksək insani dəyərlər, yüksək erudisiya sahibi olan Mehriban xanım zəngin və çox şaxəli fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin hörmət qazanmışdır. Həm vətəndaş, həm ictimai xadim kimi Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam” – Mehriban xanımın həyat fəlsəfəsinin əsasını bu fikirlər təşkil edir.

Mehriban xanımın müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizə öz bəhrəsini verməkdədir. Vaxtı ilə Azərbaycana qərəzli münasibət bəsləyən bir çox ölkələr indi tamam başqa bir yanaşma sərgiləyir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu beynəlxalq arenada böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın Azərbaycanın ən ağrılı problemi olan Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı edilən genosidin dünyaya yayılmasında və təbliğ olunmasında rolu böyükdür. “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın Birinci vitse-prezidenti sivilizasiyaların qlobal dialoquna həqiqətən müstəsna töhfə verib. Mehriban xanım Avropada, ümumən Qərbdə Müsəlman, Türk dünyasının qeyri-rəsmi elçisidir. Vatikanın tarixində ilk dəfədir ki, müqəddəs xristian abidələrinin bərpasına müsəlman ölkəsində fəaliyyət göstərən bir təşkilat kömək edir. Azərbaycanın özündə Mehriban xanımın təşəbbüsü ilə məscidlər tikilir, təmir edilir, eyni zamanda, katolik və pravoslav kilsələri, sinaqoqlar əsaslı bərpa olunur. Hazırda işğaldan azad edilmiş ərazilərdə bu işlər davam etdirilir. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpasına böyük siyasi əhəmiyyət verən Heydər Əliyev Fondu artıq işğal zamanı zədələnmiş tarix və mədəniyyət abidələrinin bərpası, o cümlədən tarixi abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə artıq Vaqif məqbərəsi bərpa edilib və Yuxarı Gövhər ağa məscidinin bərpası başa çatdırılıb, mehmanxanalar və ictimai obyektlər tikilib. Bununla paralel olaraq faktiki olaraq yer üzündən silinmiş Ağdamda, bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlər aparılır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi onun fəaliyyətinin ana xəttini təşkil edir. 2005-2017-ci illərdə Milli Məclisin deputatı olmuş Mehriban Əliyevanın Azərbaycanda parlamentarizm ənənələrinin inkişafında mühüm xidmətləri var. Mehriban Əliyeva parlamentin bir çox mühüm qərarlarının: məhkumlara amnistiya, qadın və uşaq hüquqlarının müdafiəsini təmin edən qanunların, milli adət-ənənələrin və ailə prinsiplərinin təşəbbüskarı olub. Onun rəhbəri olduğu parlamentlərarası dostluq qrupları Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında əvəzsiz rola malikdir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əhaliyə göstərdiyi xidmət təqdirəlayiqdir. Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı – Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində reallaşan genişmiqyaslı tədbirlər ana və uşaq ölümünün qarşısının alınması, hemofiliya, talassemiya və şəkərli diabet xəstəliklərinin azalması istiqamətində profilaktik və müalicəvi işlərin aparılmasına müsbət təsir göstərir.

Mehriban xanımın xeyirxah əməlləri, təhsilimizin, milli dəyərlərimizin təbliği, inkişafı xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, beynəlxalq aləmdə sonsuz rəğbətlə qarşılanır. Qərb dünyası Mehriban Əliyevanı Şərqin ağıllı, müdrik, peşəkar bir siyasətçisi kimi tanıyaraq, onun simasında Azərbaycan qadınının ictimai-siyasi həyatda oynadığı rolun əhəmiyyətini görür.

Heydər Əliyev Fondunun köməyi ilə əlillər üçün xüsusi mərkəz istifadəyə verilibdir. Bu mərkəzdə əlillərin zəruri ehtiyacaları ödənilir, onlara dərman vasitələri və s. verilir. BMT-nin İnkişaf Proqramı ilə birgə “Görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-komunikasiya texnologiyalarına çıxışın təmin edilməsi” baxımından reallaşdırılan layihə Heydər Əliyev Fondunun xeyirxah fəaliyyətinin nəticəsidir.

Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür.

Bu layihələr sırasında elm, təhsil, səhiyyə və sosial sahələrə xüsusi önəm verilir. Valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən müharibəsi veteranlarının, keçmiş məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllinə yönəlmiş layihələr fondun daim diqqət mərkəzindədir. Həyata keçirilən bütün bu layihələr vətəndaşların hərtərəfli qayğı ilə əhatələnməsi, sosial rifahının yüksəldilməsi məqsədini daşıyır.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır. Qazilərin sağlamlıqlarına qovuşması, onların müalicəsi üçün bütün işlər görülür və şəxsən Mehriban xanımın diqqət mərkəzindədir.

Mehriban xanım bir vətəndaş, ana- bacı, bir dost kimi xalqımıza çağırışı, istər ölkə daxilinidə, isətrsə də ölkədən kənarda yaşayan hər bir vətəndaşımızın qarşısında öhdəlik və cavabdehlik yaradır. Bu müraciətlərin sonu hər zaman heç bir rəsmiyyət olmadan, titullar göstərilmədən “Sizin Mehriban” sözləri ilə bitir. Bu insanlarda ruh yüksəkliyi yaradır və ona olan hörməti, inamı daha da artırır.

44 gün davam edən  müharibədə Müzəffər Azərbaycan Ordusunun təcavüzkar Ermənistanı məğlub edərək işğaldan azad etdiyi Vətən torpaqlarında bu gün həyata keçirilən tikinti-bərpa işləri qürur qaynağımızdır. Həmin günlərdə də, hər zaman olduğu kimi, Mehriban xanım Əliyeva 1-ci xanım, Birinci vitse-prezidentlik missiyasını ləyaqətlə, şərəflə yerinə yetirdi, döyüşə gedən hər bir gəncimizə bir ana kimi xeyir-dua verdi,  yaralı əsgərlərimizi ziyarət etdi, xalqın yanında oldu. Əminliklə dedi ki: “Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaqdır”.

Elə də oldu. Azərbaycan Qalib gəldi, Zəfər çaldı. Biz Qarabağımıza qayıtdıq. Böyük Qayıdışın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində möhtəşəm, parlaq olacağına əminik.