Yusif İbrahimov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı RİHB-nin Qaraçuxur qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Prezident İlham Əliyev Baş nazir Viktor Orbanın dəvəti ilə mayın
20-də Macarıstana işgüzar səfər etdi. Səfər bir çox cəhətinə görə əhəmiyyətlidir. Əvvəla, cənab Prezidentin Budapeştdə mətbuata bəyanatında xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan və Macarıstan dost ölkələr olmaqla yanaşı, həm də strateji tərəfdaşdırlar. Digər tərəfdən, Mərkəzi Avropada yerləşən Macarıstan 2004-cü ildən Avropa İttifaqının (Aİ) üzvüdür. Təsadüfi deyil ki, Azərbaycan Prezidentini Budapeştin Ferents List adına Beynəlxalq Hava Limanında Macarıstanın Aİ məsələləri üzrə naziri Yanoş Boka və digər rəsmi şəxslər qarşıladılar. Eyni zamanda, Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi ölkə statusunda təmsil olunur və TDT-nin Dövlət Başçıları Şurasının ikinci qeyri-rəsmi iclasına ev sahibliyi edir.
Azərbaycanın strateji müttəfiqi sayılan Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Hazırda bir çox sahələrdə fəal əməkdaşlıq edən ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir. “Azərbaycan və Macarıstan dost və strateji tərəfdaş ölkələr olaraq öz münasibətlərini uğurla inkişaf etdirirlər. May ayının 20-də cənab Prezident İlham Əliyevin bu ölkəyə işgüzar səfəri çərçivəsində Macarıstanın Baş naziri Viktor Orbanla aparılan danışıqlar və məhdud tərkibdə keçirilmiş görüş bir daha göstərdi ki, bir çox məsələlər üzrə ölkələrimizin mövqeləri üst-üstə düşür. Mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident bildirdi ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var. Bunlardan biri odur ki, hər iki ölkənin xalqları öz tarixi köklərinə çox bağlıdır.
Macarıstan şirkətlərinin Azərbaycanın enerji layihələrində pay sahibləri olmaları ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsini şərtləndirən mühüm amillərdəndir: “Azərbaycan ilə Macarıstan xüsusilə energetika sahəsində uğurlu əməkdaşlıq edirlər. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Bu il Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Azərbaycan keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlayıb.
Azərbaycan Prezidentinin Macarıstana işgüzar səfərinin əhəmiyyəti həm də onunla bağlıdır ki, bu səfər yeni dünya düzəninin formalaşdığı mürəkkəb bir dövrə təsadüf edir. Macarıstanın üzv olduğu Aİ-nin Rusiya ilə münasibətləri kəskin qarşıdurma səviyyəsindədir. Şimal-şərqdən Ukrayna ilə qonşu olan Macarıstan, bir tərəfdən, üzv olduğu Aİ qarşısındakı öhdəliklərinə əməl etmək, digər tərəfdən isə özünün suveren maraqlarını qorumaq məcburiyyətindədir. Baş nazir Viktor Orbanın mətbuata bəyanatından məlum oldu ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Macarıstan iqtisadiyyatının itkisi 20 milyard avro təşkil edir. Başqa sözlə, üç ildən çox davam edən müharibə Aİ-yə üzv olan ölkələrin iqtisadiyyatını da ciddi şəkildə təsirləndirir və belə bir vəziyyətdə balanslı siyasətin yürüdülməsi imkanı ciddi çətinliklərlə üzləşir.
Bu gün Azərbaycan və Macarıstan arasında dərin tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ölkələrimiz arasında qarşılıqlı etimada söykənən diplomatik münasibətlər qurulub.