Məntəqənin açılması regionun geosiyasi mənzərəsini bir qədər də dəyişdirdi
Məntəqənin açılması regionun geosiyasi mənzərəsini bir qədər də dəyişdirdi. bir zamanlar torpaqlarımızı işğal edən, soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmən indi şanlı Azərbaycan bayrağının altından keçərək, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyasının, habelə silah, sursat, mina və xarici terrorçuların daşınmasının, həmçinin ərazidən təbii sərvətlərin qanunsuz çıxarılmasının qarşısını alır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin böyük strateji əhəmiyyəti vardır. Məntəqənin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.
Azərbaycanın fəaliyyəti bölgədə sülhün bərqərar olmasına şərait yaradır və separatçıların növbəti təxribatlarının qarşısını alır. “Laçın” sərhəd-buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin əməkdaşları istər Azərbaycan ərazisinə daxil olan, istərsə də ölkəmizdə yaşayan erməni əsilli vətəndaşların sənədlərini, eləcə də şübhəli bilinən yükləri yoxlayır, ölkə ərazisinə qanunsuz malların daşınmasının qarşısını alır və alacaqdır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin açılması 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş şəxsin saxlanılmasına səbəb oldu. Azərbaycan tərəfindən Xaçaturyan Vaqif Çerkezoviçin saxlanılması ilə bağlı atılan bütün addımlar beynəlxalq hüquq və Azərbaycan qanunvericiliyi çərçivəsində həyata keçirilib.
“Humanitar böhran” amili üzərində qurulmuş erməni təbliğatı səngimir. Tarix boyunca “miskin millət” obrazını təbliğ edən rəsmi İrəvanın manipulyasiyaları həqiqətin təhrif olunması və süni qalmaqallar üzərindən qurulmuşdu. Odur ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi ətrafında aparılan oyunları bilavasitə Azərbaycana qarşı yönəlmiş informasiya müharibəsinin təzahürü kimi qəbul olunmalıdır. Xankəndi və ətrafında yaşayan ermənilərin sosial mediaya çıxışını əngəlləmək ilk növbədə Ermənistanın marağındadır. Bununla da həmin ərazidə olan həqiqi vəziyyət haqqında internetdə məlumatların yayılmasının qarşısı alınır. Sözügedən amil isə öz növbəsində qərəzli manipulyasiyalar üçün əlverişli şərait yaradır.“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış uğurlu addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir. Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır.
“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır.