Laçın– tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışımızın rəmzi

Laçın– tarixi yaddaşımızın, milli iradəmizin və Böyük Qayıdışımızın rəmzi
Namiq İbadov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru

26 Avqust Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət daşıyan günlərdən biridir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 26 avqust Laçın şəhəri günü kimi təsis edilmişdir. Bu tarix Laçının azadlığı, dirçəlişi və yeni inkişaf mərhələsinin rəmzidir.

Laçın şəhərinin tarixi qədimdir. 1923-cü ildə Abdallar yaşayış məntəqəsi Laçın adlandırılmış və şəhər statusu almış, 1930-cu ildə isə Laçın rayonu inzibati ərazi vahidi kimi təşkil edilmişdir. Rayon zəngin təbiəti, geniş meşələri, yaylaqları və strateji coğrafi mövqeyi ilə seçilir.

1992-ci il mayın 18-də Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal nəticəsində Laçın əhalisi doğma yurdlarından didərgin salınmış, yüzlərlə insan həlak olmuş və itkin düşmüş, çoxsaylı təhsil, səhiyyə, mədəniyyət və digər obyektlər dağıdılmış, tarixi abidələr vandalizmə məruz qalmışdır.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər Laçının taleyində də dönüş yaratdı. 2020-ci il 1 dekabr tarixində Laçın rayonu Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Beləliklə, tarixi ədalət bərpa edildi.

Bu gün Laçın azad edilmiş ərazilərimizin sürətli inkişafının parlaq nümunələrindən biridir. Şəhərdə və rayonda yaşayış evləri, məktəblər, sosial obyektlər, yollar, enerji və turizm infrastrukturu yaradılır. Laçın Beynəlxalq Hava Limanının 28 may 2025-ci ildə istifadəyə verilməsi və Laçının 2040-cı ilədək inkişafına dair Baş Planın təsdiq olunması şəhərin gələcək inkişafının miqyasını göstərir.

Laçının dirçəlişinin ən mühüm göstəricilərindən biri Böyük Qayıdışdır. 2023-cü ilin mayından başlayaraq laçınlıların doğma yurda qayıdışı təmin edilir. 2026-cı ilin iyuluna qədər Laçın şəhərinə 614 ailənin, Zabux kəndinə 217 ailənin, Sus kəndinə 59 ailənin, Bəylik kəndinə isə 89 ailənin daimi məskunlaşması təmin edilmişdir.

Laçın artıq yalnız keçmişin ağrılı xatirəsi deyil, gələcəyin inkişaf edən şəhəridir. Burada yaşıl enerji, müasir nəqliyyat, təhsil, turizm, sənaye və kənd təsərrüfatı layihələri həyata keçirilir. Laçının yeni siması Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı genişmiqyaslı quruculuq siyasətinin nəticəsidir.

26 Avqust – Laçın Şəhəri Günü bizə bir daha göstərir ki, doğma torpağa bağlılıq, milli birlik və dövlət iradəsi tarixi ədalətin bərpasını mümkün edir. Laçının işğaldan azad edilməsi qədər onun yenidən qurulması və laçınlıların doğma yurda qayıdışı da böyük tarixi hadisədir.

Laçın azaddır, Laçın dirçəlir, Laçın yaşayır!

Paylaş