“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr

“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr

Rafiq İsmaylov 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

"Dental Clinic" stomatoloji mərkəzinin direktoru

Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək, suveren ərazi bütövlüyümüz bərpa edildi.Tarixi zəfərdən sonrakı post-müharibə dövründə isə dünya regionda yaranan yeni tarixi mərhələyə şahidlik etdi. İşğaldan azad edilmiş vətən torpaqlarında sürətli bərpa-quruculuq prosesinə start verildi. Minalarla çirklənmiş ərazilərin təmizlənməsinə, erməni vandalizminin qurbanına çevrilmiş tarixi-mədəni abidələrimizin, müqəddəs dini-inanc yerlərimizin əvvəlki görkəminə qovuşması üçün yeni layihələr hazırlandı. Böyük qayıdış konsepsiyası qəbul edilərək, bu istiqamətdə bütün zəruri sosial-infrastruktur sahələrinin yaradılmasına başlanıldı. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Fəxarət rəmzimiz üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Azərbaycanın Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi yaratması bu qanunsuz əməllərə son qoymaq üçün zəruri tədbir idi.


Bu gün Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılmasını həzm edə bilməyən Ermənistan tərəfi və onu himayə edən mənfur qüvvələr, ölkəmizi guya Ermənistanla sərhəddə vəziyyəti gərginləşdirməkdə, Qarabağ bölgəsində humanitar böhran yaratmaqda təqsirləndirirlər.

Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim sözümüz imzamız qədər keçərlidir”.Bu səbəbdən ölkəmiz səsləndirilən cəfəng iddiaları haqlı olaraq qətiyyətlə rədd edir.“Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren huquqları çərçivəsində atılmış legitim əsaslı addımdır.Belə ki, Laçın ölkəmizin tarixi ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmizin daxili işidir.Dövlət təhlükəsizliyimizə qarşı yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanunidir.

Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.Qarşı tərəf anlamalıdır ki, həm Ermənistanın, həm də onu himayə edənlərin bu cür yanaşmaları bölgəmizdə yaranacaq sülhə və inkişafa xidmət etmir, əksinə, vəziyyəti daha da gərginləşdirir. Bu səbəbdən gələcəkdə yaranacaq hər hansısa mənfi hallara görə Ermənistan tərəfi məsuliyyət daşıyır.Azərbaycan tərəfi hər zaman əməkdaşlığa, o cümlədən iki dövlət arasında münasibətlərin normallaşması və inkişafına yönəlik səmərəli müzakirələrin aparılmasına açıqdır.

Ölkəmizin Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini yaratmasında məqsəd heç də qarşı tərəfin iddia etdiyi kimi, hərəkəti məhdudlaşdırmaq deyil, əksinə, Laçın-Xankəndi yolunda avtomobillərin və insanların təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, ölkə ərazisinə qeyri-qanuni daşımaların qarşısını almaqdır.