Laçın şəhəri Qarabağın mühüm strateji bölgələrindən biridir

Arzu Aslanova
Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
26 avqust Azərbaycan tarixində mühüm günlərdən biridir. 2022-ci ilin 26 avqustunda Azərbaycan Ordusunun qətiyyətli əməliyyatları nəticəsində Laçın şəhəri, Zabux və Sus kəndləri işğaldan tam azad olundu. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpasında mühüm mərhələ oldu və xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı.
“Laçın şəhəri günü” təkcə bir bayram yox, həm də Laçının bərpası və inkişafı üçün yeni bir mərhələnin başlanğıcıdır. Azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılır, şəhərin əvvəlki gözəlliyi bərpa olunur. Bu gün gələcək nəsillərə həm qəhrəmanlıq nümunəsi, həm də vətənə sevginin simvolu kimi ötürüləcək.
Laçın şəhəri Qarabağın mühüm strateji bölgələrindən biridir. Şuşa ilə Gorus arasında yerləşən Laçın dəhlizi uzun illər ərzində siyasi və hərbi baxımdan böyük əhəmiyyət kəsb etmişdir. 2022-ci ilin avqustunda Azərbaycan Ordusunun peşəkarlığı və dövlətimizin siyasi iradəsi nəticəsində Laçının tam nəzarətə götürülməsi ölkəmizin tarixində dönüş nöqtəsi oldu.
Azərbaycanın qədim bölgələrindən biri olan Laçın Qarabağın ən gözəl guşələrindən hesab olunur. Təbii sərvətləri, zəngin tarix və mədəniyyəti ilə seçilən Laçın Azərbaycanın ərazi bütövlüyündə xüsusi yerə malikdir. Hər il qeyd olunan Laçın şəhəri günü isə həm tarixi xatırlamaq, həm də şəhərin inkişafını, gələcəyini qeyd etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycan xalqı necə ki, 44 günlük İkinci Qarabağ - Vətən müharibəsində əzmkarlıqla öz torpaqlarını qorudu və işğaldan azad etdi, bundan sonra da Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, öz torpaqlarının cənnətə çevrilməsi istiqamətində aparılan işləri dayandırmayacaq. Bu, bir tərəfdən Azərbaycan xalqının birliyini ifadə edən yanaşmadır, digər bir tərəfdən isə bu gün dünyada baş verən siyasi katoklizmlərin, mövcud olan münaqişələrin həlli istiqamətində ölkəmizin sülhməramlı qüvvə olaraq çıxış etməsinin, bölgədə sülhün təmin olunması üçün təkbaşına bütün işləri gördüyünün əyani sübutudur.
Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib.
Laçında bütövlükdə 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib: “Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır.
Laçın rayon 2 nömrəli tam orta məktəbin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
Bu gün Laçında görülən işlər heyrətamizdir. Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq.