Laçın səfəri – Qayıdışın və Qürurun Rəmzi

Laçın səfəri – Qayıdışın və Qürurun Rəmzi

Nizami Eminov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 85 nömrəli tam orta məktəbin direktor müavini 

Prezident İlham Əliyevin 2025-ci il 28 may tarixində Laçına səfəri Azərbaycan tarixində mühüm rəmzi və strateji məna daşıyan hadisələrdən biri oldu. Bu səfər təkcə dövlət başçısının işğaldan azad olunmuş torpaqlara növbəti gəlişi deyil, həm də milli qürurun, ərazi bütövlüyümüzün və xalqımızın dönməz iradəsinin təntənəsi idi.

Laçın rayonu 30 il ərzində düşmən tapdağında qalmış, evlər viran edilmiş, torpaq yad əllərdə əsir olmuşdu. Lakin xalqımız heç zaman bu ədalətsizliklə barışmadı. İlham Əliyevin rəhbərliyi ilə aparılan qətiyyətli siyasət, güclü ordu quruculuğu və milli həmrəylik nəticəsində Azərbaycan bu işğala son qoydu. 2020-ci ildə əldə olunan Zəfərdən sonra Laçın torpağı da azad edilib, yenidən dirçəlməyə başladı.

Prezidentin məhz 28 May – Respublika Günündə Laçına səfəri isə təsadüfi deyildi. Bu gün bizim dövlətçilik tariximizin, azadlıq və müstəqillik ruhumuzun simvoludur. Məhz bu tarixi gündə Laçında səsləndirilən fikirlər həm tarixi keçmişimizə, həm də gələcək birliyimizə işarə idi.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın tək qalmadığını, Türkiyə və Pakistan kimi qardaş ölkələrlə sıx əməkdaşlıq etdiyini vurğuladı. Bu birlik, bu qardaşlıq yeni regional güc balansının əsasını qoyur. Azərbaycan, Türkiyə və Pakistan arasında yaranan strateji ittifaq artıq təkcə hərbi-siyasi deyil, həm də mənəvi birliyin nümunəsidir.

Bu səfər həm də göstərdi ki, Azərbaycan dövləti təkcə torpaqlarını azad etməklə kifayətlənmir – bu torpaqlarda həyat yenidən bərpa olunur. İnfrastruktur quruculuğu, yeni yaşayış kompleksləri, yollar, məktəblər – bütün bunlar sübut edir ki, Azərbaycan öz torpaqlarında əbədi sahibdir.

Prezidentin “Biz qayıtmalıydıq və qayıtmışıq” sözləri bu gün hər bir vətəndaşın qəlbində fəxarət hissi oyadır. Artıq Laçın təkcə xatirə deyil, gerçək həyatın, inşaatın və qürurun məkanıdır.

Laçın səfəri – Zəfərin, birlik və bərpa prosesinin canlı təcəssümüdür.

Bu torpaq artıq sonsuza qədər Azərbaycanındır.