IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin ciddi ismarıcları ilə yadda qaldı
Ənvər Haqverdiyev
Yeni Azərbaycan Partiyası
Suraxanı rayon təşkilatının məsləhətçisi
Uğurlarımızı yalnız siyasi, hərbi və yaxud da iqtisadi platformalarla məhdudlaşdırmaq düzgün olmazdı. Əlbəttə, bir-biriləri ilə üzvü əlaqədə olan inkişafın müxtəlif komponentləri ölkəmizin tərəqqisini və dünya dövlətləri tərəfindən qəbul edilməsini daha gücləndirir. Çox deyil, təxminən 30 il əvvəl öz problemlərimizi belə başqa ölkələrdə, başqa şəhərlərdə və qeyri-bərabər, ədalətsiz çevrələrlə müzakirələr etməyə məcbur olduğumuz tarixdən, öz doğma şəhərimizdə və ölkəmizdə dünya məsələlərini müzakirə edib, həll yollarını axtardığımız bir ünvana, bir mərhələyə çatmışıq. Son illər, xüsusi ilə pandemiya dönəmində Azərbaycan dünyaya nümayiş etdirdi ki, yaşadığımızın yer kürəsi bizim ortaq evimizdir. Gücündən, miqyasından asılı olmayaraq dövlətlər onun müdafiəsi və sülh-əmin amanlıq üçün əlindən gələni etməlidir. Azərbaycan dövləti, onun dünya məsələlərini dərindən bilən və anlayan Prezidenti cənab İlham Əliyev dəfələrlə dünyanın güclü dövlətlərinin bacara bilmədiyi həmrəyliyə tək başına nail ola bilmişdir.
Vətən Müharibəsi öncəsində hüquqi bazanın yaradılması, dünya dövlətləri tərəfindən haqq işimizin dəstəklənməsi istiqamətində bir çox faydalı siyasi və diplomatik addımlar atılmışdır ki, onlardan biri də, müxtəlif istiqamətli beyin mərkəzlərinin nümayəndələrinin toplaşdığı və dünyanın bütün regionlarına aid problemlərinin müzakirə olunduğu Qlobal Bakı Formudur. Mühum məsələlərin müzakirə olunduğu bu dəyərli platformada dünyanı narahat edən bütün problemlərin müzakirəsi üçün münbit şərait vardır. “Qlobal dünya nizamına təhdidlər” mövzusunda növbəti konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsində yaradılmış gözəl mühit sayəsində dünyanın ən dəyərli beyin mərkəzlərinin nümayəndələri dünyamızı narahat edən və inkişafının qarşısını alan problemlərin həlli yollarını müzakirə edirlər. Say tərkibi hər ötən gün daha da artan və sayı artıqca keyfiyyəti də yüksələn bir mərkəz kimi Qlobal Bakı Forumu dünya ictimaiyyətinin qəbul etdiyi bir siyasi arenaya çevrilmişdir.
Bütün vacib tədbirlər kimi Qlobal Bakı Forumunun da iştirakçıları Şuşaya səfər etmişlər və orada yeni reallıqların yaratdığı böyük tərəqqini mədəniyyət paytaxtımızda öz gözləri ilə görmüşlər. Bu cür beyin mərkəzlərinin əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanın dostlarının sayı artır. Qlobal Bakı Forumunun iştirakçıları dünyada, xüsusi ilə də yaşadıqları regionlarda böyük təsir qüvvəsinə malik ictimai, siyasi xadimlər, dövlət adamları, siyasi, iqtisadi, hərbi və sair sahələrdə peşakarlardırlar. Onların fikirləri, yazıları, şərhləri və təhlilləri dünyanın qərarverici mexanizmləri tərəfindən hörmətlə qəbul olunur. Azərbaycanın belə bir foruma dövlət başçımızın himayədarlığında ev sahibliyi etməsi ölkəmizin gücününüz ifadəsi kimi qəbul olunmalıdır.
Azərbaycan 30 ilə yaxın işğal faktı ilə üz-üzə qalan və özü bu problemi həll edən dövlət kimi bilir ki, təhlükəsizlik məsələsi nə qədər böyük əhəmiyyətə malikdir. İndi müharibə qərbə doğru irəlilədikcə, Ukrayanda daha da ciddi öz simasını göstərdikcə qərb dövlətləri məsələnin əhəmiyyətini daha yaxşı anlayır. Son günlər təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Qlobal Bakı Forumunda müzakirə olunan ən vacib məqamlardan biri də məhz bu idi. Azərbaycan Prezidentinin hər zaman əhəmiyyət verdiyi məqamlardan biri də məhz təhlükəsizlik amilidir. Ölkəmiz Cənubi Qafqazda erməni faşizminin başını əzərək eyni zamanda da regiona yeni sülh və əməkdaşlıq gətirmək üçün münbit şərait yaratmışdır. Gürcüstanla münasibətlərimizin mütəffiqlik səviyyəsində olması əlbəttə, regionun inkişafına müsbət təsir edir. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi Cənubi Qafqazın dinamik inkişafına ciddi zərbə vurur. Ermənistan regionun və dünyanın təhlükəsizlik amillərini darmadağın etdiyi üçün dünya birliyi ona qarşı ciddi mövqe ortaya qoymalıdır.
Prezidentin Qlobal Bakı Forumunda toxunduğu başqa bir ciddi məsələ yaxınlaşan ərzaq böhranıdır. Dünyada müharibələr, aclıq, pandemiya, miqrasiya problemləri və digər amillər böhran vəziyyətlərini qaçılmaz edir. Xüsusi ilə ərzaq çatışmazlığı dünya üçün ciddi problemə çevrilir.
Dünyanı narahat edən digər bir məsələ enerji böhranıdır. Xüsusilə də ABŞ və Qərbi Avropa ölkələrini narahat edən enerji böhranına Azərbaycan ciddi alternativ həll yolu hesab oluna bilər. Cənubi Avropa Azərbaycan qazından istifadə edir. Lakin enerji istehsalını artıqmaq ciddi müzakirələrin mövzusudur.
Cənab Prezidentin post-müharibə dönəmi üçün verdiyi bəyanatlar dünya dövlətləri tərəfindən diqqətlə izlənilməlidir. 10 noyabr bəyannaməsi, daha sonra Moskva və Brüssel görüşləri zamanı əldə olunan yazılı və şifahi razılıqlara Ermənistan hakimiyyəti tam mənada əməl etmir. Belə olan təqdirdə yeni münaqişə vəziyyətləri meydana çıxa bilər. Cənab Prezidentin bu dəfə Laçın dəhlizi yerinə ilk dəfə Laçın yolu ifadəsini istifadə etməsi də, hesab edirəm ki, Ermənistanın hərəkətlərinə Azərbaycanın ciddi reaksiyası kimi qəbul oluna bilər. Əgər Zəngəzur dəhlizi açılmazsa, Laçın yolu da bağlana bilər. Bu, çox təbii haldır.
IX Qlobal Bakı Forumu Prezident İlham Əliyevin çox ciddi ismarıcları ilə yadda qaldı. Xüsusi ilə Ermənistanla bağlı dediyi fikirlər, səsləndirdiyi bəyanatlar diqqətə alınmalıdır ki, yeni münaqişəli məqamlar meydana gəlməsin. Azərbaycan Respublikasının Prezidenti dəfələrlə elan etmişdir ki, ölkəmiz hər bir vəziyyətə hazırdır. Son günlər heçbir tarixi və hüquqi əhəmiyyətə malik olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu məsələsinin bilərəkdən gündəmə gətirilməsi cəhdləri Ermənistan hakimiyyəti tərəfindən dilə gətirilməkdədir. Əlbəttə, əsas məqsəd münaqişəni uzatmaq, sülh prosesinə gedən yolu süni maneələrlə bağlamaqdır. Lakin Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi.
Azərbaycan qalib və haqlı tərəf kimi diqtə edir. Ermənistanın bu ağlasığmaz mövqeyi yeni vəziyyətlər meydana çıxara bilər. Əlbəttə, Azərbaycan və Ermənistan delimitasiya və demarkasiya məsələsini uğurla həll etməlidir. Bununla da, tərəflər bir-birilərinin qarşılıqlı ərazi bütövlüklərini tanımalı, yekun sülhə nail olmalıdırlar. Əgər bu hal baş verməz isə, o zaman Azərbaycanın da Ermənistanın ərazi bütövlüyünə qarşı ciddi iddiaları meydana çıxa bilər. O da xüsusi qeyd olunmalıdır ki, Azərbaycanın Ermənistan ərazisinə olan iddiaları, hüquqi və tarixi əsaslara malikdir. Cəmi bir əsr əvvəl İrəvanın Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən güzəştə gedilməsi və keçən əsrin 20-ci illərində Qərbi Zəngəzurun Sovetlər Birliyi tərəfindən bizdən zorla qoparılıb, Ermənistana verilməsi haqqında sənədlər var. O ərazilərdə azərbaycanlılar yaşamışlar. Əgər 25 min Qarabağda yaşayan erməni üçün status istəyirlərsə, o zaman yüz minlərlə qərbi zəngəzurlular üçün də status məsələsi müzakirə olunmalıdır. 25 min erməni Azərbaycanda milli azlıqlar içərisində elə də ciddi rəqəm deyil. Biz bütün vətəndaşlarımız kimi Qarabağda yaşayan ermənilərin də hüquqlarını qorumağa hazırıq. Azərbaycan tolerant ölkədir və heç vaxt ölkəmizdə bununla bağlı problemlər yaşanmamışdır.