Zəngilan Azərbaycanın ən gözəl diyarlarından biridir
Vüsalə Kazımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin direktor müavini
44 günlük Vətən Müharibəsindən sonra növbəti uğurlu addım Azərbaycanın bütün Qarabağ bölgəsində böyük işlərin görülməsi, Şərqi Zəngəzur Azərbaycanın bütün Qarabağ bölgəsi kimi, sıfırdan yenidən inşa edilməsi, abadlaşdırılmasıdır. Bu gün bu istiqamətdə əməli addımlar atılır. Zəngəzur beynəlxalq tədbirə ev sahibliyi edir. II Milli Şəhərsalma Forumunda 53 ölkədən 200-ə yaxın xarici qonaq iştirak etmişdir. Forum iştirakçı ölkələr arasında olan dostluğun təzahürüdür.
Qalib dövlət olaraq Qarabağda sıfırdan yeni şəhər və kəndlər inşa edilir, Böyük Qayıdış üçün həmin ərazilərdə müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimiz öz dədə-baba torpaqlarında ən yaxşı şəraitdə yaşamalıdırlar. Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda keçirilmiş görüş azad olunmuş şəhərlərin müasir simasına böyük töhfə verəcəkdir.
Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, üç ildir azad olunub. Artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil öz vətəninə sevinə-sevinə qayıtmışdır və bu onu göstərir ki, Azərbaycan xalqı öz köklərinə dərindən bağlıdır. İllərdir ki, bütün keçmiş məcburi köçkünlər səbirsizliklə gözləyirdilər ki, bizim torpaqlar azad edilsin və onlar qayıtmaq imkanına malik olsunlar. Onlar bu imkandan 30 il ərzində Ermənistan tərəfindən məhrum edilmişdi.
Zəngilan Azərbaycanın ən gözəl diyarlarından biridir. Təbiəti, meşələri, çayları, gölləri sarıdan çox əlverişli yerdir və müxtəlif istiqamətlərində fəal işlər gedir. Bu şəhərin baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan mühüm nəqliyyat qovşağıdır. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. Gələcəkdə Zəngilanda xarici turistlərin sayı çox olacaqdır.
Bölgənin yol infrastrukturu surətlə şaxələnir. Paytaxt Bakıdan bütün istiqamətlərdə 2000 kilometrdən çox yeni magistral yollar inşa olunur. Sovet dövründə mövcud olan dəmir yolu xətti bərpa edilib. İşğal dövründə həmin dəmir yolları Ermənistan qüvvələri tərəfindən sökülüb. Bu gün Horadizdən Zəngilana çəkilən dəmir yolunun inşası fəal fazadadır və tezliklə bu nəqliyyat dəhlizinin bu mühüm hissəsi hazır olacaq. Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq.
Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçirilir. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Zəngilan gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinə töhfə verəcək. Artıq 6000 baş anqus cinsindən olan qaramal idxal edilib, onların sayı 10 minə çatdırılacaq. Burada, Laçın və Kəlbəcərdə də böyük yaşıllıq ərazilər var və hər zaman, keçmişdə də bu ərazidə maldarlıq inkişaf etmişdir. Yeni iş yerləri yaradılır. Vətəninə qayıdan insanlar işlə təmin edilməlidir. Böyük Qayıdış Proqramının bir tərkib hissəsi də məşğulluqdur, eyni zamanda, aşağı faizli, imtiyazlı kreditlərin verilməsi və sosial infrastrukturun inşası nəzərdə tutulur.
Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada müasir texnologiyalar, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bu günədək bərpa işlərinə Azərbaycan büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum büdcə 2,4 milyard ABŞ dolları olacaqdır. Biz heç bir maliyyə dəstəyi, heç bir maliyyə yardımı almırıq.
Burada istisna iki qardaş ölkədir – Özbəkistan və Qazaxıstan Prezidentləri çox səxavətli şəkildə bizə biri məktəb, biri isə incəsənət mərkəzini hədiyyə edib. İnsanlar erməni işğalından çox əziyyət çəkiblər, çətin şəraitdə yaşayıblar, mənəvi çətinliklərlə üzləşiblər. Onlar özlərinin haqlı hüquqlarından, öz Vətənlərindən, qəbiristanlıqlarını ziyarət etməkdən məhrum ediliblər. Növbəti üç ildə 100 mindən çox keçmiş məcburi köçkün öz evlərinə qayıdacaqlar. Artıq 2300 məcburi köçkün evlərinə qayıdıb və ilin sonunadək onların sayı 5500-ə çatdırılacaq. Ermənistanın işğalından əziyyət çəkən köçkünlərimiz 30 il ərzində Azərbaycanın müxtəlif bölgələrində yaşayırdılar. Hökumət hər il onlar üçün 300-500 milyon ABŞ dolları arasında vəsait ayırırdı ki, yeni yaşayış layihələri icra edilsin, yeni yaşayış məntəqələri tikilsin. 300 mindən çox məcburi köçkün yaxşı şəraitlə, yeni mənzillərlə, evlərlə təmin edilmişdir.
Bu gün biz onun şahidiyik ki, Bakıdan, Sumqayıtdan, Gəncədən, Mingəçevirdən, digər şəhərlərdən kəndlərə axın baş verir. Bu gün artıq öz doğma yurdlarına qayıtmaq istəyən insanlardan ibarət növbə yaranıb. Onlar Bakıdan, ölkəmizin ikinci böyük şəhəri Sumqayıtdan, Gəncədən və digər bölgələrimizdən qayıtmaq istəyirlər. Onlar şəhərlərdən kəndlərə qayıtmaq istəyirlər.