İranın bitmək bilməyən xainlikləri…
Validə Həsənova
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Suraxanı rayon 281 nömrəli tam orta məktəbin müəllimi
Son günlər İranla Azərbaycan arasındakı münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz ölkəmizə qarşı təhdidlərini davam etdirir, zaman-zaman müxtəlif şəxslərin rəsmi və ya qeyri - rəsmi açıqlamaları ilə öz gerçək niyyətlərini büruzə verirlər. Məsələn, ötənlərdə İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib. Bu zaman o, azərbaycanlıları hədələyərək “Şirin quyruğu ilə oynama” açıqlamasını verib. İranlı ayətullahın cavabı istər dövlətimiz, istərsə də xalqımız tərəfindən lazımi şəkildə verilib. Qəribədir ki, İran Azərbaycanı yalnız təhdid etmir, həm də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür.
Prezidentimiz İlham Əliyev də Cəbrayıla səfəri zamanı Azərbaycanın guya öz ərazisinə İsraili gətirdiyi barədə İran tərəfinin əsassız ittihamlarını Bakının qəbul etmədiyini bildirib. Ali Baş Komandan həmçinin bu itihamların cavabsız qalmayacağını söyləyib.
İranın dərdini bilirik. Üzdə dost, arxada düşməndir. İşğalçı Ermənistana yardım edən də rəsmi Tehrandır, güneyli qardaşlarımızın hüquqlarını tapdalayan da. Tarixə nəzər salsaq aydın şəkildə qonşu İranın Azərbaycana qarşı daha hansı xəyanətkar addımlar atdığını görərik.
Tarixən bölgədə Bayandurlar, Səfəvilər, kimi dövlətlərimiz olub. Azərbaycan türkləri müxtəlif xalqlarla, o cümlədən farslarla birgə yaşayıblar. Məsələn, Səfəvilərin və Qacarların son dönəmlərində farslar digər dövlətlərin təsiri altına düşərək Azərbaycan türklərinə xəyanət ediblər. Onlar Böyük Britaniyanın köməyilə Qacarların hakimiyyətini süquta uğradıblar. Nəticədə Pəhləvilər hakimiyyətə gəliblər və güney azərbaycanlılara qarşı sərt siyasət yürüdüblər, hüquqlarını əllərindən alıblar.
Molla rejimi dövründə ümid etdik ki, İran İslam inqilabından sonra vəziyyət dəyişəcək, lakin çox da dəyişiklik olmadı. Azərbaycan Xalq Cümhuriyyətini İran tanımadı. Qacarlarda yüksək vəzifələri farslar tutduğu üçün Azərbaycan dövlətini tanımaq istəmədilər. Çox sonradan 1920-ci ildə Cümhuriyyətimizi tanıdılar. Onlar Azərbaycan adı ilə razılaşmaq istəmirdilər, bunu özlərinə təhdid hesab edirdilər. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İran ölkəmizə qarşı ikiüzlü mövqe tutdu.
İran Azərbaycanın güclü dövlət kimi mövcud olmasını istəmir və bizə zərbə vurmaq üçün hər fürsətdən istifadə edir. Təəssüf ki, Azərbaycan daxilində din adı ilə beyni yuyulmuş minlərlə vətəndaşımız xain İran rejiminin maraq və mənafeləri üçün öz ölkəsini belə satmağa hazırdır. Hər il yüzlərlə soydaşımızı Qum şəhərindəki dini məktəblərdə oxutma adı ilə özünə bağlayan İran rejimi anlamalıdır ki, onun daxilində Azərbaycan dövlətinin 40 milyona yaxın dəstəkçisi - tərəfdarı var. Onlar İran vətəndaşı olan azərbaycanlılardır.
Şimali Azərbaycan əhalisinin bir qismini din adı ilə özünə bağlamaqla heç nə əldə edə bilməyəcək - nə qədər çalışsa da bizə qarşı qoya biləcəyi insan resursu bizim İranın xain planlarına qarşı müqavimətə qaldıra biləcəyimiz insan resursundan dəfələrlə az olacaq. Hazırda daxili iğtişaşlardan əziyyət çəkən və öz xalqına normal güzaran yarada bilməyən teokratik İran rejimi anlamalıdır ki, Bakıdan verilən bir işarə ilə durumu daha da pisləşər, qarışar və sonunda məhv olar.
Cənub qonşumuzun riyakarlığını Birinci Qarabağ müharibəsində də gördük. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini dedilər, əməldə Ermənistana yardım etdilər. Hətta onların o vaxtkı xarici işlər naziri sonralar bildirdi ki, Ermənistana yardım etməsələr, Azərbaycan daha güclü olardı.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistana dəstək verməyə hazırlaşan qonşu İranın xəyanətkar roluna dəlalət edən faktlar ortaya çıxmağa başlayır. İrandakı bəzi qüvvələrin Şimali Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilməməsi, sevincinə şərik olmaması, qələbəsini qısqanclıqla qarşılaması bizə çoxdan bəllidir. 44 günlük Vətən savaşında da Ermənistana gizli dəstək verən İran bugünlərdə ermənilərə açıq şəkildə hərbi-siyasi dəstəyini də gizlətmədi. Durum təəssüfedicidir. Ən azından ona görə ki, bir müsəlman ölkəsi müsəlman qardaşının yanında deyil, Allahın evində donuz saxlayan, yaşayış yerlərini viran qoyan, mədəni abidələri yox edən erməninin yanındadır. Ancaq artıq kimdən nəyi gözlədiyimizi bildiyimiz üçün bu, bizdə təəccüb də doğurmur.