İranı tarixboyu Azərbaycanın varlığı narahat edib

İranı tarixboyu Azərbaycanın varlığı narahat edib

Sədai Vəlibəyli

YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı RİHB-nin Yeni Suraxanı qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi

Azərbaycan-İran münasibətləri dərin tarixi köklərə malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, bu xalqlar islam aləminə mənsub xalqlardır. SSRİ dağıldıqdan sonra hər iki dövlət arasında rəsmi diplomatik əlaqələr qurulmuşdur. Son zamanlar İranla Azərbaycan arasındakı münasibətlər gərginləşməkdədir. Cənub qonşumuz ölkəmizə qarşı təhdidlərini davam etdirir, zaman-zaman rəsmi açıqlamaları, bəzən isə əməlləri ilə öz gerçək niyyətlərini büruzə verir.

Təəssüflər olsun ki, İran tarix boyu hər zaman türklərə qarşı xəyanətkar siyasət yürütmüşdür. Hələ Səfəvilər və Qacarların dövründən farslar müxtəlif dövlətlərin təsiri altına düşərək türklərə xəyanət etmişlər. İran-Azərbaycan qarşıdurmasının öz tarixi var, lakin yeni qarşıdurma dalğası Qarabağ müharibəsindən sonra formalaşan yeni reallıqlar fövqündə, yenidən şaxələnmişdir. Həm I Qarabağ müharibəsi, həm də II Qarabağ müharibəsi dövründə də İranın anlaşılmaz hərəkətləri bariz nümayiş olunub. Biz bunu II Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördük.

Müharibə zamanı İran vasitəsi ilə Ermənistana silahların daşınması ölkədə qızğın müzakirələrə səbəb olmuşdu. Əfsuslar olsun ki, İranın bu illər ərzdində formalaşdırdığı imic müharibə dövründə və sonrasında ciddi zərbə və zədələr aldı. İranın  münasibətləri gərginləşməsinə səbəb Azərbycanın bir çox ölkələrlə qurduğu sosial-iqtisadi, mədəni əlaqələrin İran dövlətində qısqançlıq yaratmasıdır. Məhz bu səbəbdən İranda yaşayan soydaşlarımıza qarşı münasibət heç də yaxşı deyil. Onlar özlərini azərbaycanlı kimi təqdim etməyə belə çəkinirlər. Özlərini İranlı kimi təqdim edirlər.  

Ümumiyyətlə, İranı tarixboyu güneyli-quzeyli Azərbaycanın varlığı narahat edib. Cənub qonşumuz indi də ölkəmizə qarşı ikiüzlü siyasət yürütməkdədir. Azərbaycanın ərazi bütövlüyünü güya ki, dəstəklədiyini bildirir, lakin əməldə Ermənistana yardım edir. Bir sözlə, farslar heç vaxt Azərbaycan türklərini qəbul edə bilməyiblər. Məhz buna görə hər zaman müxtəlif təxribat kampaniyalarına əl atmışlar.

Azərbaycan dostunu-düşmənini tanıyan dövlətdir. Lakin siyasət ikili olduqda qarşımızdakını tanımağa zaman-zaman çətinlik çəkirik. İran da belə dövlətlərdəndir.  Bu gün İran rejimi İslam pərdəsi altında ölkəmizdə və dünyada çirkin məqsədlərini həyata keçirməyə çalışır. Bütün münaqişələrin arxasında İran dayanır. İslam dini bunu qəbul etmir. Sual yaranır. İran sözdə müsəlman dövlətidir, bəs həqiqətdə?!  

 İran birdəfəlik bilməlidir ki, qarşısında əvvəlkindən daha güclü Azərbaycan var. Güneyli qardaşlarımız da bizim yanımızdadırlar, biz də onların. Zənn edirəm ki, İranı özündən çıxarıb öz dininə qeyri-adekvat yanaşmağa vadar edən də elə bu faktlardır.