İlham Əliyev bir daha 50 milyonluq azərbaycanlının lideri olduğunu göstərmiş oldu
Ayşən Xankişiyeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq. 2009-cu ildə Naxçıvan Zirvə Görüşündən başlayaraq Türk Dövlətləri Təşkilatı böyük inkişaf yolu keçmişdir.
Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır.
Cənab Prezidentimiz onu da qeyd etdi ki, əfsuslar olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyəti ana dilində təhsil almaq imkanından məhrumdur. Biz bu ölkənin konkret olaraq İran olduğunu söyləyə bilərik. Həmçinin, digər dövlətlərdə də yaşayan azərbaycanlıların hansısa əngəllərlə rastlaşırlar. Təbii ki, bu məsələlərin hər biri öz həllini tapmalıdır. Biz düşünürük ki, Cənab Prezidentin əsas nəzərdə tutduğu ölkə İrandır. Çünki İranda 40 milyona yaxın azərbaycanlı bir çox hüquqlarından məhrumdur. Əsasən də öz dillərində təhsil almaq kimi bir çox məsələlər öz həllini tapmalıdır. Cənab Prezident artıq bir daha dünya azərbaycanlıları və soydaşlarımızla bağlı öz qəti mövqeyini ortaya qoydu. İlham Əliyev bir daha 50 milyonluq azərbaycanlının lideri olduğunu göstərmiş oldu.
Zirvə görüşündə Prezident vurğulayıb ki, Azərbaycan xalqı Qarabağın və Şərqi Zəngəzurun Ermənistan işğalından azad olunmasının ikinci ildönümünü böyük qürur hissi ilə qeyd etdi. İki il əvvəl biz Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyduq, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdik. Bununla Azərbaycan həm də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında da Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin ikinci ildönümü münasibətilə təbriklərini çatdıraraq dedi: “Cənubi Qafqazda sülh prosesi Can Azərbaycanın bütün səylərinə baxmayaraq, hələ də kövrək olaraq qalır. Noyabrın 8-də qeyd etdiyimiz şanlı Qarabağ Zəfərinin ikinci ildönümündə əziz şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayıram. İlham qardaşımızın şəxsində Azərbaycan xalqını bir daha təbrik edirəm. Haqlı mübarizəsində olduğu kimi, sülh axtarışında da Azərbaycanın yanındayıq”.