İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır

İkitərəfli əməkdaşlıqda yeni səhifə açılır
Bahar Həsənova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu  76 nömrəli tam orta məktəbin direktor müavini
Avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər etmişdir.
Qazaxıstan Prezidenti Kasım-Jomərt Tokayevin Azərbaycana səfəri və ölkə başçısı İlham Əliyevlə görüşü ciddi nəticələrlə yadda qaldı. Liderlər arasında müxtəlif sahələrə dair 15 mühüm sənəd imzalandı.
Müzakirələr zamanı əldə olunan razılaşmalardan biri də Qazaxıstanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı oldu. Azərbaycan Vətən müharibəsi nəticəsində torpaqlarını düşmən tapdağından azad etdikdən sonra ərazidə sürətli yenidənqurma işlərinə start verildi. Qarabağın bərpası indi də prioritetimizdir. Çünki bu, əhalinin dədə-baba torpaqlarına köçünü yaxınlaşdırmaqla yanaşı, eyni zamanda Qarabağa əvvəlki ovqatın qayıtmasını təmin edəcək. Qazaxıstanın bərpa və yenidənqurma işlərinə qoşulması isə xüsusi əhəmiyyətlidir.
Məlum olduğu kimi, həm rəsmi Bakı, həm də rəsmi Nursultan Türk Dövlətləri Təşkilatına (TDT) daxildir. Deməli, sözügedən məqam ikitərəfli münasibətlərin inkişafı istiqamətində mühüm addım olmaqla yanaşı, həmçinin TDT daxilində də əməkdaşlıq mühitinə töhfədir. Qazaxıstan Qarabağdakı yenidənqurma işlərində iştirak etməyə çoxdan maraq göstərir. Hələ 2021-ci ilin iyun ayında Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tleuberdi ölkəmizə səfəri zamanı o, azərbaycanlı həmkarı Ceyhun Bayramovla iqtisadi əlaqələr, o cümlədən investisiya layihələri və nəqliyyat dəhlizlərinin inkişafı barədə fikir mübadiləsi aparmışdı.
Qazaxıstanın Qarabağdakı yenidənqurma işlərindən iştirak edəcəyi o zamandan planlaşdırılırdı. Sonradan müxtəlif səviyyəli təmaslar, o cümlədən görüşlər və telefon danışıqları zamanı yenə də bu məsələ gündəmə gəldi. Görüşdə məlum oldu ki, Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi tikiləcək. Dövlət başçıları Mərkəzin layihəsi ilə tanış olublar. Tokayev həmin layihəni Qazaxıstanın Azərbaycana hədiyyəsi kimi təqdim edib. O bildirib ki, bu, bizim xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, hazırda bizim hamımızın məşğul olduğumuz Qarabağın bərpası işinə töhfədir. Tokayev bu fikirləri ilə iki mühüm mesaj verib. O, “qardaşcasına münasibət” ifadəsini işlətməklə Azərbaycanla müxtəlif formatlarda əməkdaşlığın bundan sonra da davam edəcəyinə işarə vurub.
Həmçinin Qazaxıstan Prezidenti söyləyib ki, biz hamımız Qarabağın bərpası prosesi ilə məşul oluruq. Beləliklə, əlaqələrimiz bütün sahələrdə daha da güclənəcək. Deməli, indi atılan addımlar Türk Dövlərləri Təşkilatının gələcəyinə hesablanıb. Bütün bunlar o deməkdir ki, Qarabağ ərtafında görülən işlər, əldə olunan razılaşmalar tükdilli dövlətlərin bir-birilərinə daha da yaxınlaşması istiqamətində müstəsna əhəmiyyətə malikdir.