İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha ali pilləyə yüksəlib

İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha  ali pilləyə yüksəlib

Günay Camalova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin müavini

Suraxanı rayon 275 nömrəli tam orta məktəbin müəllimi

Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir. Ümümmilli liderin layiqli davamçısı Prezident İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm verir. Bu gün dünyada Azərbaycanla Türkiyə qədər bir-birinə yaxın olan, bir-birinə güvənən, qarşılıqlı dəstək verən və gələcəyi üçün birgə çalışan başqa iki ölkə tanımıram. Bu dostluq təbii ki, mənəvi bağlılıqlarımızdan, ortaq tariximizdən irəli gəlir.

Türkiyə-Azərbaycan xalqlarının eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır. Və bu bütün dünya üçün bir nümunədir. Öz maraqları üçün min oyunlar oynayan, hər cür addımlara gedən, mənəviyyatsızlıqları sərhəd tanımayan xarici siyasi dairələr qarşısına Azərbaycan və Türkiyə Prezidentləri bu dəyərlərin gücü ilə çıxırlar. Onlara öz yerlərini göstərirlər. Bu iki liderin uca şəxsiyyətinə, mənliyinə yaraşan da elə məhz budur.        

Fərəh və iftixar hisləri ilə vurğulanmalıdır ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha ali pilləyə yüksəlib. Otuz illik işğala son qoyulmasında və Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyini dövlətimiz və xalqımız yüksək qiymətləndirməklə heç vaxt unutmayacaq.               

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Qeyd etmək lazımdır ki, adıçəkilən sənəddə Türkiyə ilə Azərbaycan arasında əlaqələrin təkcə iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda bölgə ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyi vurğulanıb.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir. Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq.