İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Vidadi Bayramov

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

13 saylı Birləşmiş şəhər Xəstəxanasının baş həkimi

“Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qisasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar, hesab edirəm, bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Hər birimiz deyirdik, ürəyimizdə deyirdik və sözdə də deyirdik ki, nəyin bahasına olursa-olsun, biz torpaqlarımızı geri almalıyıq.” Prezident İlham Əliyev çıxışlarında şəhidlərimizin haqq yolunda, Vətən uğrunda həlak olduqlarını, qəhrəmanlıqlarının bu gün bütün dünyada artıq gerçək kimi qəbul olunduğunu diqqətə çatdıraraq, onların şücaəti nəticəsində bu gün bizim bayrağımızın azad edilmiş torpaqlarda ucaldıldığını, xalqımızın, dövlətimizin müzəffər dövlət, müzəffər xalq kimi yaşadığını və bunun əbədi olacağını deyib.

Dövlətimizin başçısı fikirlərinin davamında İkinci Qarabağ müharibəsinin Azərbaycanın şanlı tarixi olduğunu, bu şanlı, parlaq qələbənin xalqımızın tarixində əbədi qalacağını bildirib: “Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, biz bütün tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur.”

 

Bəli, Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amillər sırasında qəhrəman döyüşçülərimizin Vətən sevgisi, Vətən məhəbbəti, onların torpağa, yurda bağlılığı önəmli rol oynadı. Onlar Ermənistanın işğalı səbəbindən ölkəmizin hansı ağrı-acıları yaşadığını, neçə-neçə azərbaycanlı ailəsinin məhv edildiyini, valideynlərinin doğma yurdlarından didərgin salındıqlarını yaxşı bilirdilər. Onlar Ermənistan ordusu tərəfindən törədilən vəhşilikləri heç zaman unuda bilmirdilər, Ermənistan və qondarma “Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilən Xocalı soyqırımını yaddan çıxarmır, günahsız qurbanların xatirəsini daim əziz tuturdular. Bax, bütün bunlara görə də Vətən müharibəsində torpağa, Vətənə, dövlətə sonsuz sevgilərlə bağlı olan gənclərimiz şücaət göstərərək, parlaq qələbə qazandılar. Məsələn, müzəffər Azərbaycan Ordusunun igid əsgər və zabitləri hərb tarixinə düşəcək bir səviyyədə döyüşərək, yaxın məsafədən əlbəyaxa döyüşlərdə düşmənə qalib gəldilər.

 

Beləliklə, əgər Vətən sevgisi, dövlətə, xalqa belə möhkəm bağlılıq olmasa idi, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalan 4 qətnaməsini təkbaşına reallaşdıra, hərb meydanında düşmənə qalib gələ, cəbhə xəttinin bütün istiqamətlərində əməliyyat şəraitinə tam nəzarət edə bilməzdi. Ermənilər isə Vətən müharibəsində yenə də işğalçı, terrorçu düşüncəsi ilə döyüşdülər. Gücsüzlüklərini başa düşəndə fərarilik etdilər.

 

Dövlətimizin başçısının vurğuladığı kimi, Vətən müharibəsində Ermənistan ordusunda 10 mindən çox fərari olub. Onların yarısı ölkədən qaçıb, yarısına qarşı da cinayət işi açılıb: “Amma sonra Ermənistan rəhbərliyi götür-qoy elədi, dedi ki, bu on min nəfəri burada necə həbs edə bilərlər. Ona görə onları əfv etdi. On mindən çox fərari olmuşdur. O məşhur kadrların hamısı həqiqətdir ki, səngərlərdə Ermənistan ordusunun zabitləri əsgərləri zəncirləyirdilər, avtomobillərdə zəncirləyirdilər ki, qaçmasınlar. Kütləvi qaçış hökm sürürdü. Bax, budur bizim nailiyyətimiz. Amma bizdə bir nəfər də olsun, döyüş meydanından qaçmadı, əksinə, hospitallarda yaralı vəziyyətdə olanlar da həkimlərinə deyirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdırıq. Bəli, bir çoxları da qayıdıb və həlak olub”.

 

İndi isə yeni dövr – quruculuq mərhələsi, postmünaqişə dövrü başlayıb. Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini qaydada tapıb. Azərbaycan Prezidentinin bildirdiyi kimi, bunu həll edən tərəf isə bizik, Azərbaycan dövlətidir: “Biz ərazi bütövlüyümüzü bərpa etmişik. Biz qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan–Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib. Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb.”

 

Yeri gəlmişkən, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 7 iyul 2021-ci il tarixli Fərmanında ölkəmizin iqtisadi rayonlarının yeni bölgüsünü fərqləndirən bir sıra məqamlar öz ifadəsini tapıb. Belə ki, Bakı Abşeronun tərkibindən ayrılaraq, ayrıca bir iqtisadi rayon kimi qəbul edilib. Bundan başqa Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları da yaradılıb.

 Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının təsis olunmasını şərtləndirib. Xatırladaq ki, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları əsasında qurulub.

 Beləliklə, Bakı, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ilə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox böyüyüb, iqtisadiyyatın regional və sektoral strukturu dəyişib, habelə Qarabağın iqtisadi dövriyyəyə qayıtması və regional kommunikasiyaların, o cümlədən, Zəngəzur dəhlizinin açılması perspektivi yeni reallıqlar üzə çıxarıb. Fərmanda göstərildiyi kimi, Qarabağ bölgəsinin sürətli inkişafına zəmin yaranıb.

Ümumiyyətlə, yeni təsnifat Qarabağın iqtisadi potensialından daha geniş istifadə edilməsinə zəmin yaradacaq. Xüsusən nəzərə alınmalıdır ki, Şərqi Zəngəzur Zəngəzur dəhlizi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası və qardaş Türkiyəyə çıxış imkanı əldə edəcək. Bu isə Şərqi Zəngəzur iqtisadi rayonunun, həm də strateji, coğrafi baxımdan əhəmiyyətini göstərən amillərdən biridir. Bu baxımdan, yeni bölgü Azərbaycanda iqtisadi inkişafın sistemliliyi və dayanıqlığını təmin etmək baxımından vacib olmaqla yanaşı, işğaldan azad olunmuş ərazilərimizin iqtisadi potensialından daha geniş şəkildə istifadəsinə imkan verəcək. Bu da təbii ki, həmin ərazilərimizdə iqtisadi inkişafa daha qısa zamanda nail olunmasını şərtləndirəcək.

Hazırda Qarabağda geniş miqyasda bərpa-quruculuq işləri aparılır. Böyük Qayıdış proqramı çərçivəsində müasir texnologiyalara əsaslanan “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin icrası diqqətdə saxlanılır. Həm Qarabağda, həm Şərqi Zəngəzurda yeni elektrik xətləri, həmçinin ötürücü xətlər çəkilir, transformatorlar, yarımstansiyalar qurulur. Bütün bu addımlar geriyə qayıdacaq soydaşlarımızın ləyaqətli həyatını təmin etmək üçündür.