İcra olunan proqramlar nəticəsində regionlar canlanıb, məşğulluq artıb

İcra olunan proqramlar nəticəsində regionlar canlanıb, məşğulluq artıb

Fatimə Ələkbərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu, 258 saylı körpələr evi və uşaq bağçasının əməkdaşı

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə çıxış edən cənab Prezident bildirib ki, kənd təsərrüfatı sahəsinə hər zaman böyük diqqət göstərilib. O qeyd edib ki, ilk dəfə prezident seçildikdən sonra irəli sürdüyü əsas təşəbbüslərdən biri regional inkişaf proqramı olub və həmin proqramın mühüm istiqamətlərindən biri də kənd təsərrüfatının inkişafı idi.

2004-cü ilin əvvəlində qəbul edilmiş ilk beşillik proqram bir çox problemlərin həllinə kömək edib və sonradan bu siyasətin davamı olaraq bir neçə regional inkişaf proqramı qəbul olunub. Prezident vurğulayıb ki, həyata keçirilən proqramlar nəticəsində regionlar canlanıb, məşğulluq artıb və genişmiqyaslı infrastruktur layihələri icra olunub. O qeyd edib ki, vaxtilə bölgələrdə qaz, elektrik, su təchizatı və yol infrastrukturu ciddi problemlərlə üzləşmişdi. Hazırda isə azad edilmiş ərazilər istisna olmaqla ölkədə qazlaşmanın səviyyəsi 96 faizə çatıb, elektrik təminatında problem qalmayıb və böyük ixrac potensialı formalaşıb.

Eyni zamanda magistral və kənd yolları çəkilib, Taxtakörpü, Şəmkirçay, Göytəpə kimi iri su anbarları tikilib və kanallar yenidən qurulub. Dövlət başçısı bildirib ki, kənd təsərrüfatının inkişafı üçün subsidiyaların xüsusi əhəmiyyəti var. Azərbaycan genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmləri tətbiq edən nadir ölkələrdən biridir. Fermerlərə gübrə, yanacaq güzəştləri verilir, güzəştli kreditlər ayrılır və metodiki dəstək göstərilir.

Prezident qeyd edib ki, pambıqçılıq və baramaçılıq kimi ənənəvi sahələr dövlət dəstəyi nəticəsində yenidən inkişaf etdirilib. Vaxtilə pambıq istehsalının 20 min tona qədər düşdüyünü xatırladan dövlət başçısı bildirib ki, aparılan islahatlar nəticəsində istehsal 360 min tondan çox olub və məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Baramaçılıq və ipəkçilik sahələri də yenidən dirçəldilib.Bununla yanaşı, Prezident son illərdə kənd təsərrüfatı istehsalındakı dinamikanın onu tam qane etmədiyini bildirib.

Prezident urbanizasiya probleminə də toxunaraq qeyd edib ki, məqsəd kəndlərdən şəhərlərə axının qarşısını almaq və əksinə, şəhərlərdən kəndlərə qayıdışı təmin etməkdir. Bunun üçün kəndlə şəhər arasındakı fərqlərin minimuma endirilməsinin vacibliyi vurğulanıb. O bildirib ki, regionlarda müasir xəstəxanalar, məktəblər və digər sosial infrastruktur layihələri həyata keçirilib.

Dövlət başçısı kənd təsərrüfatında müşahidə olunan durğunluğun aradan qaldırılması üçün yeni Dövlət Proqramının qəbul ediləcəyini və bu proqramın həm yerli, həm də xarici investorlar üçün mühüm mesaj olacağını bildirib. O qeyd edib ki, Azərbaycanın beynəlxalq nüfuzu və geniş əlaqələri xarici investorların cəlb olunması üçün əlverişli imkan yaradır. Prezident ərzaq məhsulları üzrə özünütəminetmə göstəricilərini də açıqlayıb. Bildirib ki, Azərbaycan özünü buğda ilə yalnız 55 faiz təmin edir və bu göstərici qəbuledilməz hesab olunur. Digər sahələrdə isə vəziyyət daha müsbətdir.

Sonda dövlət başçısı çıxışında kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramının hazırlandığını və proqramın dövlətlə yanaşı özəl sektor investisiyalarını da əhatə edəcəyini qeyd edib. O bildirib ki, dünyada müharibələr, nəqliyyat zəncirlərinin pozulması, enerji böhranı və iqlim dəyişiklikləri kənd təsərrüfatına mənfi təsir göstərir. Buna görə də hər bir ölkə ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirməlidir.