Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi
Respublikamızda 90-cı illərin ortalarından başlayaraq demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmişdir. Beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur.
Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara tapşırıqlarını verməsi də ölkənin hərtərəfli inkişafında əsas rol oynayan, regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir.
Cənab Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə səviyyəsindən bəhs etmişdir.
Qəbul zamanı cənab Prezident Dövlət Proqramlarının müsbət nəticələri haqqında bəhs edərək, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işlərinin, böyük infrastruktur layihələrinin və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsinin aradan qaldırılması nailiyyətlərini xüsusi vurgulamışdır. Qəbul edilmiş Dövlət Proqramları əsasında regionlarda elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olunmuş, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edilmişdir.
Ölkə başçısı yeni təyin olunan İcra başçılarına öz tövsiyələrini verərək bildirmişdir ki, "Rayonların inkişafı ilə bağlı siz özünüz təşəbbüs göstərməlisiniz. Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısını döyəcək. Belə olan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. Siz özünüz sahibkarları rayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm də xarici sahibkarları. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir və bu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir - meşələr, dağlar, bulaqlar, çaylar, şəlalələr. Yəni, bu rayonları, sözün əsl mənasında, turizm mərkəzinə çevirmək hesab edirəm ki, əsas vəzifələrdən biridir".
Prezident İlham Əliyevin toxunduğu mühüm mövzulardan biri də şəhid ailələrinə göstərilən diqqətlə bağlı oldu: "Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdı. Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.
Cənab İlham Əliyev qeyd etdi ki, İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.
Tövsiyə və tapşırıq olaraq bildirdi ki, İcra başçıları kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.
Cənab Prezident yeni teyin olunan İcra başçılarına rayonlarda sahibkarliğın inkişaf etdirilmısi ilə bağlı tapşırıqlarını verərək bildirdi ki, “İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir olmalıdır. Göygöl, Masallı və Lerik rayonlarında müasir istirahət zonaları, otel kompleksləri inşa edilib. Bu proses daha geniş vüsət almalıdır. Bir neçə il bundan əvvəl Göygöl gölü də ictimaiyyət üçün açıldı. İndi minlərlə insan hər gün, xüsusilə yaz-yay mövsümlərində Göygöl gölünə gəlir, bu gözəl mənzərəni seyr edir. Nəzərə alsaq ki, bu gün Göygöl rayonundan Kəlbəcər rayonuna yol açılır, tunel çəkilir, bu rayonun Kəlbəcər-Laçın zonasının inkişafı ilə bağlı xüsusi rolu vardır”.
Hər uç rayonun kənd təsərrüfatı potensialından danışaraq, cənab Prezident burada müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etdiriləsindən, bununla bağlı olan çox ciddi məsələ kimi torpaqlardan səmərəli istifadə edilməsindən bəhs etdi.
Torpaqlardan səmərəli istifadə edilməsi ilə bağlı mövzuya toxunan Dövlətimizin Başçısı deyib: “Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmışdır, qanunsuz zəbt edilmişdir. Kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda ya evlər tikilmişdir, ya da ki, sadəcə olaraq, o sahələr hasarlanıb kiminsə mülkiyyətinə çevrilmişdir. Biz bu məsələni bu yaxınlarda ciddi araşdırmağa başladıq və gördük ki, burada çox böyük pozuntular var. Vəzifəli şəxslər yerli icra orqanlarının nümayəndələrinə göstəriş verirdilər ki, o torpağı mənə ver, bu torpağı mənə ver. Beləliklə də torpaq fondu azalırdı və torpaqların qanunsuz zəbt edilməsi prosesi əfsuslar olsun ki, geniş vüsət almışdır”. Mövzunu davam etdirərək bildirmişdir ki, Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq. Kiminsə tamahına, kiminsə şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Torpaqların qanunsuz zəbt edilməsi prosesi araşdırılacaqdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyul tarixində yeni təyin olunan İcra Başçıları ilə keşirdiyi görüşdə səsləndirdiyi hər bir tövsiyə və tapşırıqlar göründüyü kimi Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib və bu doğma vətənimizin qüdrətlənməsi, bütün sahələrdə inkişafı üşün ən vacib məsələlərdəndir.