HƏRBİ ZƏFƏRİMİZİN RƏMZİ ORDUMUZDUR
Mehman Əliyev
Azneft İB-nin DQTKEİM-in şöbə rəisi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
28 il xəyalı ilə yaşadığımız və tariximizin şanlı səhifələri, igid Azərbaycan əsgərinin qəhrəmanlığı, şücaəti, qanı ilə yenidən öz sahibinə qayıdan gözəl Şuşa...
28 ildən sonra “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir” – deyən ulu öndər Heydər Əliyevin və bütün azərbaycanlıların arzusu çin oldu.
Şuşa XX əsrdə üç dəfə erməni təcavüzü nəticəsində işğala uğrayıb. 1905-1907-ci illərdə şəhər ermənilər tərəfindən hücuma məruz qalıb və yandırılıb. 1920-ci ildə şəhərin xeyli hissəsi daşnaklar tərəfindən viran qoyulub. Məlum işğal faktı isə 1992-ci ilin mayında oldu.
İllər sonra Şuşanın düşmən işğalından azad edilməsi müharibənin həlledici anı oldu. Qarabağ zəfərinə gedən yol ilmə-ilmə toxundu. İlk olaraq iqtisadiyyat gücləndirildi, sonra ordu xüsusi qayğı ilə əhatə edildi. Dünyanın müxtəlif ölkələrinə təlimlərə göndərilən hərbçilər xüsusi kurs keçir, bu sənətin sirlərinə yiyələnirdilər. Torpaqlarımız sülh yolu ilə mümkün olmasa, hərb yolu ilə azad edilməli idi. Amma biz xalq olaraq meydanda, demək olar ki, tək idik.
Əsrlərboyu xalqımıza qarşı etnik təmizləmə aparan ermənilərin bu hərəkətlərinə, 30 ildir, tarixi torpaqlarımızı işğalda saxlamalarına nədənsə göz yuman ermənipərəst ölkələr haqqı tapdalanan azərbaycanlıları müdafiə etmirdilər. Amma onlar bir şeyi unudurdular. Unudurdular ki, bu xalqın ulu öndər Heydər Əliyev kimi lideri və bu dahi şəxsiyyətin yolunun davamçısı cənab İlham Əliyev kimi dövlət başçısı var. Bəli, Qarabağ problemi kimi ağır bir yükü olan bir ölkənin Prezidenti, Ali Baş Komandanı olmaq asan deyildi.
İllərlə Ulu öndər kimi siyasət dahisindən dərs alan dövlətimizin başçısı hələ hakimiyyətə gəldiyi ilk gün Qarabağı, Şuşanı azad edəcəyinə and içmişdi. Və belə də oldu... O, siyasi gücü, dərin savadı, dünyagörüşü ilə dünya səviyyəli bir çox rəsmi görüşlərdə düşmən dövlətin baş nazirinə tarix dərsi keçdi. Müharibənin ilk günündən sonuna kimi yuxusuz gecələr keçirən Ali Baş Komandan öz ordusu, xalqı ilə bir olaraq dəmir yumruğa dönüb düşmənin başına şimşək kimi çaxıb onu darmadağın etdi. Böyük Zəfərin ilk günündən hamının ürəyi cəbhədə Azərbaycan əsgəri ilə birlikdə döyünürdü.
Xalqının sevgisindən güc alan Azərbaycan əsgəri addım-addım, dağ-dərə bilmədən, öz canını heçə sayaraq qəhrəmanlığı ilə dünyanı özünə heyran etdi. Ordumuzun Şuşa əməliyyatı ilə təkcə Vətən həsrəti bitmədi, dünya hərb tarixinin ən şanlı səhifələri yazıldı həmin günlərdə. Tarixdə bir çox ilklər yaşandı. Azərbaycan əsgəri türkün gücünü, Vətən üçün gözünü belə, qırpmadan ölümə necə gedildiyini dünyaya nümayiş etdirdi. 44 günlük müharibədə bütün dünyanın gözü Qarabağda idi. Həmin günlərdə dövlətimizin başçısı deyirdi: “Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.”
Bu sözlərin deyildiyi vaxtlarda heç kimin ağlına belə, gəlməzdi ki, dağların zirvəsində yerləşən bu şəhər tarixdə bənzərinə rast gəlinməyən bir əməliyyatla azad edilə bilər. Lakin əfsanə reallığa çevrildi – müqəddəs torpağı azad etmək uğrunda canından keçən igid oğullarımız Şuşanı düşməndən xilas etdilər.
“Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir”-Ali Baş Komandan İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər onun rəhbərliyi və müvafiq tapşırıqları ilə artıq işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat və inkişaf strategiyasının qurulmasından xəbər verir. Əminik ki, ölkəmizin dayanıqlı inkişaf tempi, region və dünyada strateji, iqtisadi əhəmiyyəti, beynəlxalq nüfuzu sayəsində işğaldan azad edilmiş torpaqlarımızda ən qısa zamanda bütün sahələrdə, uğurla icra olunacaq inkişaf strategiyası və nailiyyətlər əldə olunacaq. Cənab Ali Baş Komandanın xalqımıza olan hər bir müraciəti bizi uğurlu və İlhamlı sabahlara ümidləndirir, yetişməkdə olan sağlam nəsillərin bu şərəfli tariximizi daima qoruyub saxlayacağı inamını artırır!