Heydər Əliyev və Azərbaycan dili
Xalidə Sadıqova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin müəllimi
“Azərbaycanın dili o qədər zəngin bir dildir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını qorumalıyıq. Öz dilini bilməyən adam tarixini də bilə bilməz. Tarixini bilməyən isə heç vaxt vətənpərvərlik hissini bilə bilməz”.Heydər Əliyev
Azərbaycan dili xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini, mədəniyyətini, zəngin söz xəzinəsini, adət-ənənələrini, dünyagörüşünü özündə əks etdirən, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətimizdir. Dilimiz də gerbimiz, himnimiz, bayrağımız kimi müqəddəsdir. Heydər Əliyevin dediyi kimi xalqı xalq edən onun dilidir.
Tarix göstərir ki, başı bəlalar çəkmiş, zaman-zaman təzyiqlərə məruz qalmış dilimiz çətin sınaqlardan çıxaraq bu günümüzə qədər gəlib çatmışdır. Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun müddət sürməmişdir.
70-ci illərdə ölkəmizdə doğma dilimiz deyil, rus dili hakim mövqedə idi. Yalnız Ümumilli Lider Heydər Əliyevin Azərbaycana ikinci qayıdışından sonra Azərbaycan dili ilə bağlı siyasəti nəticəsində dilimizə olan münasibət dəyişməyə başladı. 1969-ci ildə Bakıda Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyi keçirilərkən Heydər Əliyev çoxillik ənənələri sındıraraq rus dilində deyil, doğma ana dilində danışdı. Elə bundan sonra da yoxsul komalarda dustaq olan ana dilimiz yüksək tribunalara çıxdı. Keçmiş Sovetlər birliyində dil siyasətini yürütmək böyük cəsarət tələb edirdi. Bu tarixi hadisədən sonra Azərbaycanda dil siyasəti formalaşdı.
Ölkəmiz 1991-ci ildə öz dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra Azərbaycan dili öz inkişafının yeni mərhələsinə qədəm qoydu.Müstəqil Azərbaycan dövlətinin qurucusu,ana dilimizin gözəl bilicisi,bənzərsiz natiq Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində 1995-ci il noyabrın 12-də referendum qəbul olunmuş,Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi təsbit edilmiş,milli dövlətçiliyimizin başlıca rəmzlərindən biri kimi sözün əsl mənasında dövlət dili statusu qazanmışdı.
9 avqust 2001-ci il “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü”nün təsis edilməsi haqqında fərman imzalandı. 2001-ci ildə imzalanmış fərmana əsasən avqustun 1-i Respublikamızda Azərbaycan Dövlət Dili Günü kimi təsis olunmuşdur. 18 iyun 2001-ci ildə “Dövlət Dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalandı. Bu fərmana əsasən bütün dövlət müəssisələrində əsas ünsiyyət vasitəsi olaraq Azərbaycan dilinin işlədilməsi nəzərdə tutulurdu.
2 yanvar 2003-cü ildə Ulu Öndərin fərmanına əsasən “Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir. Bu qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır. Onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan Dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Beləliklə, milli dövlətçiliyin əsas atributu sayılan ana dilinin daha da inkişafı və zənginləşməsi, müasir elmi tələblər səviyyəsində geniş və hərtərəfli araşdırılması və beynəlxalq aləmdə tanınması da məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün Ulu Öndərin layiqli davamçısı İlham Əliyev ana dilinin qorunmasına yönələn dövlət siyasətini uca tutaraq dilimizə, milli adət-ənənəmizə, mənəvi dəyərlərimizin, qədim tarixə malik mədəniyyətimizin təbliğinə xüsusi qayğı göstərir. Qədimdən ulu babalarımızdan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı bundan sonra da göz bəbəyi kimi qoruyacaq və bu sözləri vüqarla səsləndirəcək: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən ana dilimi sevirəm və bu dildə danışmağımla fəxr edirəm”. Heydər Əliyev