Heydər Əliyev bir dəqiqəsini belə hədər verməyən, hadisələri öncədən görüb dərk edən əvəzsiz tarixi şəxsiyyət idi
Mədinə Hüseynzadə
Suraxanı Gənclər evinin üzvü
YAP Suraxanı rayon təşkilatının fəal gənci
Bu gün dünyada elə bir xalq tapmaq olmaz ki, tarixinin qaranlıq və mürəkkəb mərhələsində onun taleyində müstəsna rol oynamış, dövlətçilik ənənələri formalaşdırmış milli lideri olmasın. Belə liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi keyfiyyətləri, ağıllı seçimləri ilə milyonlarla insanın qəlbində əbədi olaraq abidələrini ucaldırlar.
Keçən əsrin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik ənənələrinin təşəkkül tapmasının, mədəni irsinin qorunması və bərpasının təşəkkülüdür.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyev saniyə və dəqiqəsini hədər verməyən, uzun illəri öncədən görüb dərk edən əvəzsiz tarixi şəxsiyyət idi. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini hədəfləyən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması kimi bir çox müasirlərinin xəyalına belə gəlməyən tarixi addımlar Azərbaycanın gələcək nəsillərini kimi yetişməsi üçün əvəzolunmaz töhfələrdir.
Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-cı illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.
Ümummilli liderimizin həyat fəlsəfəsi onun müstəqil dövlətçilik və Azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması və inkişaf etdirilməsi məsələlərindəndir. Ölkədə həyata keçirilmiş aqrar islahat, özəlləşdirmə prosesi hər bir vətəndaşın marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq niyyətinə xidmət edib.
Həm Azərbaycanda dinc quruculuq dövrlərində, həm Dağlıq Qarabağ münaqişələri vəziyyətində, həm vətənimizin üzərini qara buludlar aldığı zamanda Ulu öndərin qəlbi Azərbaycan eşqi ilə tutuşub yanmışdır.
Ümumilikdə, 1993-2003-cü illərdə ölkədə həyata keçirilən siyasət belə deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev müstəqillik amilinin əyani şəkildə bərqərar olması üçün ilk növbədə iqtisadiyyatda çoxşaxəli islahatların aparılmasını, davamlı inkişaf üçün möhkəm iqtisadi bazanın formalaşmasını vacib sayıb. Ulu Öndərin müstəqil Azərbaycana rəhbərliyi illərində milli iqtisadiyyatda köklü islahatlar aparılıb, sosialyönümlü bazar iqtisadiyyatına keçidin ümdə prinsipləri müəyyənləşdirilib, torpaq islahatı kimi çətin və ağrılı proses, habelə özəlləşdirmənin birinci mərhələsi uğurla başa çatdırılıb, milli sahibkarlığın inkişafı üçün zəruri qanunvericilik bazası yaradılıb, respublikanın dünya iqtisadiyyatına inteqrasiyası sürətlənib.
Heydər Əliyev heç bir çərçivəyə sığmayan, öz xalqının, vətəninin xoşbəxtliyi və azadlığı naminə canından belə keçməyə hazır olan fədakar insan idi.