Hazırda qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır
Aysel Mustafayeva
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Səttar Bəhlulzadə adına Xarici dillər təmayüllü Respublika gimnaziyasının müəllimi
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Cənab prezident İlham Əliyev sərəncam imzalamış və 2023-cü ili “Heydər Əliyev ili”elan etmişdir. Bununla bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.
Ermənistanın 30 illik işğal siyasəti ona heç bir üstünlük vermədi .Əksinə, müxtəlif təşkilatların-BMT, ATƏT, Avropa Birliyi keçmiş Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu ilə bağlı olan qətnamə və hüquqi sənədlərini kobud şəkildə pozdu. Bu, Ermənistanın beynəlxalq arenada da nüfuzuna ziyan idi, çünki suveren və demokratik bir dövlət olaraq özünü tanıtsa da ,heç bir hüquq normalarına əməl etmirdi.
İlham Əliyev bununla bağlı işğalçı dövlətə dəfələrlə xəbərdarlıq etmiş, müharibədən uzaq durmağı, sülh yolunu təklif etmişdir: ”Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq”.Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Əgər rəsmi İrəvan konstruktiv olmasa, Azərbaycan diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmır.
Azərbaycan əməli nəticələrə çevrilməyən bəyanatlardansa, həmişə praktiki addımlar yolunu seçib. Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar.
Biz Azərbaycanda uzun illər əvvəl dərk etdik ki, bizə heç kim kömək etməyəcək. Azərbaycan-Türkiyə qardaşlığı, hərbi, siyasi cəhətdən yardımlaşma beynəlxalq arenada bir çox ölkələrin narahatlığına səbəb olmuşdur. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bildirmişdir ki, Azərbaycan və Türkiyə nəinki müttəfiqlik formatını qoruyub saxlayacaq, hətta onu daha da gücləndirəcəkdir.
Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşasız bir Azərbaycan təsəvvür etmək çətindir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik.
“Hazırda qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır “- deyə prezident çıxışı zamanı bildirmişdir.”Şuşa bəyannaməsi”də bu baxımdan çox əhəmiyyətlidir. Tərəflər bildirirlər ki, iki dövlət arasında inkişaf etdirilən və onların milli maraqlarına cavab verən hərbi-siyasi əməkdaşlıq üçüncü dövlətlərə qarşı yönəlməmişdir.
İşğal dövründə bizim İrandan daha çox gözləntilərimiz var idi. Amma gözləntilərimizin tam əksi oldu. Biz İran yük maşınlarının dövri olaraq Qarabağa hərəkət etdiyini ifşa etdik. İrandan Azərbaycana qeyri-qanuni daşımalar davam etdiyi üçün İrana diplomatik nota verildi. Hazırda Tehrandakı səfirliyimiz bağlıdır. Azərbaycanın parlament üzvünün birinə qarşı terror aktı törədildi. İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək.
Azərbaycan xalqı beynəlxalq ictimaiyyətin, BMT Təhlükəsizlik Şurası daimi üzvlərinin görməli olduğu işi özü görüb və Təhlükəsizlik Şurasının qətnamələrini icra edib.