Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir

Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir

Səlim Rəhimzadə

YAP Suraxanı rayon təşkilatının üzvü

"Suraxanı Oyl S.A” Əməliyyat Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Böyük coğrafi məkanı əhatə edən enerji sisteminin ən mühüm hadisəsi olan Bakı Enerji Həftəsi iştirakçıların say tərkibi, eyni zamanda, həftə çərçivəsində keçirilən tədbirlər, səsləndirilən fikirlər baxımından diqqəti xüsusilə cəlb edir. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışında səsləndirdiyi hər bir çağırış gələcəklə bağlı yol xəritəsidir. Belə ki, “Əsrin müqaviləsi”nin imzalandığı vaxtdan bu günədək Azərbaycanın keçdiyi inkişaf yolunu geniş təhlil edən cənab İlham Əliyev diqqəti ilk Xəzər Neft və Qaz Sərgisinin keçirildiyi  dövrün reallıqlarına yönəldərək bildirdi ki, o zaman Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə Birinci Qarabağ müharibəsi və Ermənistanın ərazilərimizi işğalından yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı: “Buraya iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığını əlavə edə bilərik. Bizdə elektrik enerjisi və təbii qaz qıtlığı var idi - bir neçə onilliklər ərzində enerji resurslarına görə məşhur olan bir ölkədə. Çar Rusiyası və Sovetlər İttifaqı dönəmində Azərbaycan bu sahədə təkcə regional yox, qlobal miqyasda lider idi. Lakin müstəqillik böyük bir enerji böhranı ilə müşayiət olundu.”

1993-cü il dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Sabitliyin, normal iqtisadi mühitin yaradılması Azərbaycana investisiya axınını sürətləndirdi. Ümummilli Lider Heydər Əliyev xarici investorlara belə bir çağırışı etdi ki, yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər.  Halbuki müstəqilliyimizin ilk illərində ölkədə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. Bu səbəbdən də onlar Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdana qədər Azərbaycanda yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ulu Öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və rolunu möhkəmləndirdi, bugününə və sabahına inamı artırdı. “Əsrin müqaviləsi” bu inamın, etibarın təqdimatı oldu.

Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin etmək üçün gündəmə gətirdiyi hər bir layihə beynəlxalq səviyyədə təqdir edilir, regionun, dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ümumilikdə Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi qəbul olunması ilk növbədə etibarlı tərəfdaş kimi qazandığı hörmətin, ölkəmizə olan inamın nəticəsidir. Hazırda nəinki ölkə, hətta dünya mətbuatında geniş müzakirə olunan COP29 konfransının bu il Azərbaycanda keçirilməsi ilə bağlı qərar  ölkəmizin beynəlxalq nüfuzunun  göstəricisidir. Bakı Enerji Həftəsinin açılış mərasimindəki çıxışlarda da bu məqam xüsusi qeyd edildi. Böyük Britaniyanın “ICA Group” şirkətinin İdarə Heyətinin məsləhətçisi Stiven Murtay bildirdi ki, Azərbaycanın COP29-a ev sahibliyi edən ölkə kimi seçilməsi bizi çox məmnun edib. Bu, ölkənin mütərəqqi siyasətinin və qlobal miqyasda artan nüfuzunun bir daha göstəricisidir. Bu seçim  iqlim dəyişikliyi üzrə məsələlərin həlli, eləcə də dayanıqlılıqla bağlı təşəbbüslərdə ön sırada olmağın bizim üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu əminliyi ifadə etdi ki, Azərbaycan qarşıdan gələn COP29 konfransına ev sahibliyini yüksək səviyyədə həyata keçirəcək, iqlim dəyişikliyi ilə bağlı məqsədə çatmaqda böyük uğurlar əldə edəcək. Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir vurğuladı ki, həqiqətən də bu gün bu qədər sayda yaxın dostların, tərəfdaşların yanında – Bakıda olmaq bizim üçün böyük məmnuniyyətdir. Bu, olduqca çox mühüm toplantıdır. Biz burada xeyli sayda yaxın dostlarla, tərəfdaşlarla əhatə olunmuşuq.

Göründüyü kimi, söylənilən hər bir fikir Azərbaycan haqqında beynəlxalq rəyin yüksək səviyyədə olduğunu təsdiqləyir. Təbii ki, bu etibar, inam dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, onilliklər ərzində yaradılıb. Bunun bariz nümunəsi kimi əməkdaşlığın regional çərçivədən başlanılması və zaman keçdikcə coğrafiyasının genişləndirilməsidir. Azərbaycan atdığı hər bir addımı ilə etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bakı Enerji Həftəsi çərçivəsində alternativ enerji ilə bağlı imzalanan müqavilələr “yaşıl enerji” strateji hədəfinin reallaşması istiqamətində mühüm addımlar olmaqla yanaşı, Azərbaycan qlobal güc olaraq nüfuzunun göstəricisidir.