Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib
Dinara Ağaliyeva
YAPSuraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 263 saylı körpələr evi-uşaq bağçasının müdiri
Azərbaycan və Türkiyə əsrlər boyu dərin tarixi dostluq və qardaşlıq kökləri ilə bağlı olan, Ulu öndər Heydər Əliyevin söylədiyi kimi, “Bir millət, iki dövlət”dir. Bu gün iki dövlət arasında münasibətlərin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Bu münasibətlərin kökü xalqlarımız arasında mövcud olan əsl qardaşlıq ruhuna söykənir. Dərin tarixi-mənəvi dəyərlərə söykənən Türkiyə - Azərbaycan əlaqələrinin qırılmaz tellərlə bağlanması hər iki ölkənin inkişafına, tərəqqisinə, həmçinin regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələr verdiyi kimi, türk dünyasının birləşməsində həlledici rol oynayır. Danılmaz faktdır ki, türk dünyasının birliyinin əsasını Türkiyə və Azərbaycan təşkil edir.
İki dost, qardaş ölkə öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını daim qəti şəkildə nümayiş etdiriblər. 2020-ci il sentyabrın 27-dən erməni təxribatlarına qarşı şanlı ordumuzun güclü və sürətli əks-hücum əməliyyatı ilə başlayan müqəddəs Vətən müharibəsi Azərbaycanın böyük Qələbəsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı işğaldan azad edərək xalqımızı əzəli torpaqlarımıza qovuşdurdu. Bu qırx dörd gün müddətində qardaş Türkiyə Cümhuriyyəti hər zaman olduğundan daha çox Azərbaycanın yanında oldu və bunu bütün tiribunalardan ən yüksək səslə təkrar-təkrar söyləməkdən çəkinmədi.
Bakıda keçirilən tarixi Zəfər paradında hər iki ölkənin Prezidenti bir daha bu münasibətlərin bundan sonra daha sıx, daha şaxəli olacağının mesajını verdi. O şərəfli günlərdə hər iki ölkə şərəflə Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, Böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” tarixi sözlərinin həqiqətini dünyaya nümayiş etdirdilər. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” vəhdətini heç bir kənar qüvvə poza bilməz. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, iki qardaş ölkə öz siyasəti ilə bu birliyi daha da möhkəmləndirir.
Təkcə tarixi Zəfərimizdən bu günədək Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını özündə ehtiva edən mühüm hadisələrə diqqət yetirmək kifayətdir. Sevincli, kədərli günlərində bir olan iki dost ölkə atdığı addımları ilə dünyaya birlik, həmrəylik mesajlarını ünvanlayırlar. 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən dünyaya “Azərbaycan tək deyil. Türkiyə yanındadır” mesajını çatdıraraq sonadək siyasi, mənəvi dəstəyini göstərən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər Paradında Prezident İlham Əliyevin yanında oldu və “Türkiyə və Azərbaycan kürək-kürəyə verdikcə Allahın izni ilə çətinliklərin öhdəsindən gəlməyə, uğurdan-uğura çatmağa davam edəcəkdir” bəyan etdi.
Reallıq budur ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri tarixinin ən yüksək zirvəsindədir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə yüksək səviyyədədir.
Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız aralarındakı doğma münasibətləri bütün məqamlarda izhar ediblər. “Azərbaycan-Türkiyə əlaqələri davamlı olaraq yüksələn xətlə inkişaf etməkdədir, münasibətlərimizdə günü-gündən yeni parlaq səhifələr açılır. Siyasi, iqtisadi-ticarət əlaqələri, enerji, mədəniyyət, təhsil sahəsindəki əməkdaşlığımız maksimum səviyyəyə çatıb.
Əlaqələrimizin bu səviyyəyə çatması, təbii ki, hər iki ölkənin dövlət başçılarının xüsusi xidmətləri sayəsindədir. Xatırladım ki, möhtərəm Prezidentimiz İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə Türkiyəyə birmənalı dəstəyini ifadə edir. Eyni münasibət qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən də sərgilənir. Bu, dövlətlərimiz və xalqlarımız arasında movcud olan həmrəyliyin və birliyin təcəssümüdür”.
Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Bir millət, iki dövlət” ideyası ilə bu günə qədər birgə addımlayan ölkələrimiz, bundan sonra da bu yolla inamlı şəkildə parlaq gələcəyə doğru çiyin-çiyinə hərəkət edəcəklər”.