Zəkiyə Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən
Həyatımın 25 ilini icrasına həsr etdiyim dövlət gənclər siyasəti mənim üçün doğma və əzizdir. Azərbaycan gəncliyini, gələcəyini və təhsilini daim diqqətdə saxlayan Heydər Əliyevlə 1982-ci ildə sənayə müəssisələrində görüşümdən sonra mənim həyatımda böyük dəyişikliklər baş verdi. O zaman Azərbaycan KPMK-nın birinci katibi olan Heydər Əliyevin tövsiyə və qayğısı ilə ali təhsil alan gənclərdən biri oldum. 1987-ci ildə artıq komsomol komitəsində fəaliyyətə başladım. 1990-cı ildə Sovet Ordusunun ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasətə etiraz olaraq Sovet İttifaqı Kommunist Partiyasından və Komsomoldan imtina etdik. Komsomolun adını dəyişərək “Azərbaycanın Tərəqqisi Uğrunda Gənclər İttifaqı” qoyduq. Bu təşkilat 1990-cı ilin yanvarından 1991-ci ilin mart ayınadək fəaliyyət göstərdi.
1991-ci ilin sentyabrında Naxçıvan MR Ali Məclisinin sədri seçilən Heydər Əliyev o zamankı gərgin vəziyyətə, müdafiə, dövlət quruculuğu, torpaq islahatları və s. həyatı vacib məsələlərlə yanaşı gənclər siyasətini də diqqətdən kənarda qoymadı. Gənclər təşkilatlarının rəhbərləri və fəal gənclərlə görüşərək onlara vətənin gənclərə böyük ehtiyac olduğunu xatırlatdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyev xaos və anarxiya girdabında boğulan Azərbaycanın xilas yollarını müəyyənləşdirməyə başladı. Başlı-başına buraxılmış ölkə gənclərinin bir hissəsi ölkədən çıxıb getmiş, bir hissəsi fərarilik edərək müxtəlif mafyoz qruplara qoşulmuşdu. Azərbaycan gəncliyini öz ardınca apara biləcək bir dövlət qurumuna ehtiyac var idi.
1993-cü ilin iyulun 26-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Yarandığı ilk gündən bu nazirliyin sıralarında yer almağı özümə borc bildim və 16 il bu sahədə çalışdım. 1994-cü ildə Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması və cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin Prezidenti seçilməsi Azərbaycan idmanında əsaslı dəyişikliyinin təməlini qoydu. Artıq Azərbaycan müstəqil ölkə kimi beynəlxalq yarışlarda, olimpiyalarda iştirak etməyə başladı. 1996-cı ildə Atlanta, 2000-ci il Sidney, 2004-cü il Afina, 2008-ci il Pekin, 2012-ci il London və 2016-cı il RİO Olimpiadalarında qızıl və gümüş medallarla qayıtdıq. Hər hansı bir ölkənin bayrağı digər ölkədə rəsmən iki dəfə dalğalanır və himni səslənir. Birincisi, dövlət başçısı bu və ya digər ölkəyə səfər etdikdə, ikincisi, bir dövlətin idmançısı digər dövlətdə qalib olduqda. Bizə bu qüruru yaşadan idmançılarımızı alqışlayıram.
1996-cı ildə Gənclərin birinci formu baş tutdu. Form Gənclər qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində fəal iştirak etməyə çağırış idi. Ümummilli liderimiz Heydər Əliyev gənclər siyasətinin uğurlu həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasını formalaşdırdı. 1997-ci ildə “2 fevral Gənclər günü” elan edən Ulu Öndər gəncliyə bir bayram hədiyyə etdi.
1999-cu ilin iyulun 29-da “Dövlət Gənclər Siyasəti” haqqında fərman, 2002-ci il 9 apreldə “Gənclər Siyasəti” haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Ardıcıl olaraq Gənclər forumları qarşıya qoyduqları hədəflərə nail olaraq ölkə üçün vətənpərvər, təhsilli, bacarıqlı gənclər yetişdirdi. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Heydər Əliyevin azərbaycançılıq ideyalogiyasının mühüm istiqamətlərindən biri idi.
Cənab Prezident İlham Əliyevin sərəncamları ilə “2007-ci il Gənclər ili” elan edilmiş, 2007-2015, 2015-2023-cü illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramları həyata keçirilib. Gənclərə göstərilən etimad artıq öz təsdiqini tapmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrından başladığımız və 44 günə zəfərlə başa çatdırdığımız İkinci Qarabağ müharibəsi bunun bariz nümunəsidir. Bir xalq, bir millət bütöv Azərbaycan olaraq Dövlət Gənclər Siyasəti sahəsində gördüyümüz iş hədər getmədi. Biz qalib gəldik, bu bizim Ulu Öndərdən başlayan zəfər yolumuzdur.