Gələcəyimiz gəncliyin əlindədir!
Ülkər Quliyeva
30nömrəli Ambulatoriyanın həkimi
YAP Suraxanı rayon təşkilatı ƏPT-nin sədr müavini
Gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi ulu öndərimizin adı ilə bağlıdır. O ölkə rəhbəri olduğu ilk dövrlərdən gəncləri himayəsinə almış, sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Ulu Öndərimizin bu sahədə həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edib. Heydər Əliyev hər zaman gənclərə qayğı ilə yanaşıb və onların problemlərini həll etməyə çalışıb.
Azərbaycan gənclər ölkəsidir və ulu öndər də xalqın taleyini dəyişdirən bu gənclərdən qayğısını əsla əsirgəməyib. Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin təhsilində də çox mühüm rolu olub. Belə ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra təhsilimizin ötən əsrin 70-80-ci illərində mövcud olmuş bir çox ənənələri kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı. Ümummilli lider öz çıxışlarında da dəfələrlə təhsilin mürəkkəb və olduqca vacib bir sahə olduğunu vurğulayaraq qeyd etmişdir ki, “təhsil sahəsi nə sənaye, nə kənd təsərrüfatı, nə də ticarətdir. Bu, cəmiyyətin xüsusi, intellektual cəhətini əks etdirən bir sahədir. Belə halda təhsil sisteminə çox diqqətlə yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır”.
Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaratmaq, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə Ümumilli Lider Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşşəbbüsü irəli sürülmüşdür.
I Forum - 2 fevral 1996-cı ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmiş və forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak etmişdir. Onun həyatda olduğu dövrdə isə bu forumlar keçirilib:
1997-ci il fevralın 1-də forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən cənab Heydər Əliyev 2 fevral -Azərbaycan gəncləri gününün elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
II forum 1999-cu ildə Bakı şəhərində keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev iştirak edib.
III forum 13 oktyabr 2003-cü ildə Bakı şəhərində keçirilib.
Bundan əlavə, 2002-ci il 9 aprel tarixində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.
Ulu öndərin gənclər siyasəti Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.
Həmçinin, Azərbaycan prezidenti İlham Əliyev 2007-ci ilin ölkədə Gənclər ili elan olunması haqqında sərəncam imzalayıb. Bu da gənclərə olan xüsusi diqqət və qayğının təzahürüdür. Sənəddə qeyd olunub ki, 2007-ci il Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məqsədi ilə Gənclər ili elan olunub.
Daha sonra cənab İlham Əliyev və xanımı Mehriban Əliyeva mayın 7-də “Eurovision-2012” mahnı müsabiqəsinin keçiriləcəyi “Baku Crystal Hall”un açılışında iştirak etmişdilər. Almaniyanın Düsseldorf şəhərində “Eurovision-2011” beynəlxalq mahnı müsabiqəsində 43 ölkə arasında möhtəşəm qələbə qazanan Azərbaycan 2012-ci ilin mayında bu yarışmanı Bakıda keçirmək hüququ qazanmışdır. Özlüyündə böyük mədəniyyət hadisəsi olan, lakin siyasi və iqtisadi əhəmiyyəti ilə daha çox önəm daşıyan bu hadisə göstərdi ki, Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycan bütün dövrlərdə diqqət mərkəzində olmuşdur. Bu uğurun əhəmiyyətini artıran əsas cəhətlərdən biri də Avropanın musiqi həyatında mühüm hadisə olan “Eurovision”nun tarixdə ilk dəfə Cənubi Qafqazda keçirilməsi ilə bağlıdır. “Eurovision”nu regiona gətirən Azərbaycan bu uğura müstəqil olduğu 20 il ərzində müsabiqəyə cəmi 4 dəfə qatılmaqla nail olmuşdur.
Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi oldu. Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır.
Gənclərin Vətən müharibəsində olan xüsusi rolunu qeyd etməsək olmaz. Müharibədə iştirak edənlər arasında gənclərin qəhrəmanlığı isə xüsuilə vurğulanmalıdır. Vəzifəsindən, sosial statusundan, milli-etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaş, böyükdən kiçiyə qədər hər bir insan bu müqəddəs savaşda İlham Əliyevin ətrafında səfərbər oldu, qələbəmizə töhfəsini verdi. Müharibənin əsas ağırlığı isə Azərbaycan gəncinin üzərinə düşdü. Çünki amansız döyüşlərdə əldə silah düşmənin üzərinə gedən ilk növbədə gənclər oldular. Azərbaycan gəncləri Vətən müharibəsindən şərəflə çıxdılar. Bununla da gənclərimiz fevralın 2-ni Azərbaycanda gəncləri günü elan edən Ulu Öndər Heydər Əliyevin tövsiyələrini yerinə yetirdilər, Prezident İlham Əliyevin gözləntilərini layiqincə doğrultdular.
2004-cü il mayın 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu ulu öndərin həyat və fəaliyyət fəlsəfəsinin, onun elmi-nəzəri irsinin, azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması yolunda üzərinə götürdüyü şərəfli missiyanın uğurla həyata keçirilməsi üçün səylə çalışmaqdadır. Heydər Əliyev Fondu ölkəmizdə təhsilin, səhiyyənin və mədəniyyətin, idmanın inkişafına, insanların konkret qayğı və problemlərinin həllinə, Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə öz töhfəsini verir.
Mən inanıram ki, Azərbaycan gəncliyi bu ölkənin vətndaşı olduğu üçün fəxr edir. Həmçinin, bu gənclik günümüzdə gedən bütün müasir tələblərə yaxından bələddir.