Gürcüstana səfər: Münasibətlərin strateji əhəmiyyəti

Gürcüstana səfər: Münasibətlərin strateji əhəmiyyəti

Ziyafət Rəhimova

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini

Suraxanı rayonu, Vüqar Bayramov adına körpələr evi və uşaq bağçasının müdiri

2026-cı il aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev-in Gürcüstana etdiyi rəsmi səfər regionda baş verən yeni siyasi və iqtisadi reallıqlar fonunda xüsusi əhəmiyyət daşıyır. Bu səfər zamanı verilən bəyanatlar və vurğulanan məqamlar göstərir ki, Azərbaycan və Gürcüstan arasında münasibətlər yalnız iki qonşu dövlətin əməkdaşlığı çərçivəsində deyil, həm də daha geniş regional və beynəlxalq kontekstdə mühüm rol oynayır.

Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Gürcüstanda yenidən olmaq onun üçün böyük şərəfdir. Bu fikir təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də iki ölkə arasında mövcud olan səmimi və dostluq münasibətlərinin göstəricisidir. Azərbaycan və Gürcüstan tarixən bir-birinə yaxın olmuş, müxtəlif dövrlərdə qarşılıqlı dəstək nümayiş etdirmiş və bu gün də bu ənənəni davam etdirirlər.

Səfər zamanı diqqət çəkən əsas məqamlardan biri Cənubi Qafqaz regionunda yaranmaqda olan yeni geosiyasi vəziyyətlə bağlı idi. Prezident İlham Əliyev vurğulamışdır ki, regionda artıq yeni reallıqlar formalaşır və bu reallıqlar dövlətlərarası əməkdaşlığın daha da dərinləşdirilməsini tələb edir. Bu baxımdan Azərbaycan–Gürcüstan münasibətləri regionda sabitliyin və inkişafın əsas sütunlarından biri kimi çıxış edir.

İqtisadi əməkdaşlıq iki ölkə münasibətlərinin əsas istiqamətlərindən biridir. Gürcüstanın son illərdə əldə etdiyi dinamik iqtisadi inkişaf Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda Azərbaycan da regionun iqtisadi güc mərkəzlərindən biri kimi çıxış edərək müxtəlif sahələrdə, xüsusilə energetika sektorunda mühüm nailiyyətlər əldə etmişdir. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyi sahəsində bir çox ölkələrin etibarlı tərəfdaşı kimi tanınır. Bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr yalnız iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir.

Enerji layihələri Azərbaycan–Gürcüstan əməkdaşlığının ən mühüm sahələrindən biridir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılmasında Gürcüstanın tranzit ölkə kimi rolu danılmazdır. Bu baxımdan Bakı–Tbilisi–Ceyhan neft kəməri və digər strateji layihələr iki ölkə arasında qarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın nəticəsi kimi qiymətləndirilə bilər. Bu layihələr regionda iqtisadi inteqrasiyanı gücləndirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də mühüm töhfə verir.

Nəticə olaraq deyə bilərik ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq  xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Gürcüstan Şərq ilə Qərb arasında körpü rolunu oynayaraq beynəlxalq ticarət marşrutlarının inkişafında mühüm rol oynayırlar. Orta Dəhliz kimi tanınan nəqliyyat marşrutu bu baxımdan strateji əhəmiyyətə malikdir və hər iki ölkənin iqtisadi potensialının daha da genişlənməsinə şərait yaradır.