Güləşçilərimizin qazandığı uğur təkcə idman nailiyyəti deyil, həm də milli qürurdur
Müasir dövrdə idman yalnız fiziki inkişaf vasitəsi deyil, həm də dövlətin beynəlxalq imicinin formalaşmasında, milli birliyin möhkəmləndirilməsində və gənc nəslin sağlam ruhda yetişdirilməsində mühüm strateji sahələrdən biri kimi çıxış edir. Azərbaycanda idman siyasətinin məqsədyönlü və sistemli şəkildə həyata keçirilməsi bu sahənin dövlət prioritetləri sırasında xüsusi yer tutduğunu aydın şəkildə nümayiş etdirir. Bu siyasətin əsasını isə dövlət qayğısı, güclü infrastruktur və insan kapitalına verilən dəyər təşkil edir.
Prezident İlham Əliyev tərəfindən Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olan güləşçilərin qəbul edilməsi ölkədə idmana verilən yüksək dəyərin və uğurlu idman siyasətinin bariz nümunəsidir. Bu görüş təkcə idmançıların nailiyyətlərinin qiymətləndirilməsi deyil, eyni zamanda Azərbaycanın beynəlxalq arenada qazandığı uğurların bir daha təsdiqi kimi xüsusi əhəmiyyət daşıyır.
Keçirilən görüşdəki çıxışında Prezident qeyd etdi ki, bayrağımız qaldırılarkən bütün Azərbaycan xalqı qürur hissi keçirir. Bu sözlər hər bir vətəndaşın ürəyindən gələn hissləri ifadə edirdi. Güləşçilərimizin qazandığı uğur təkcə idman nailiyyəti deyil, həm də milli qürurdur. Onların zəhməti və əzmi gənclərə nümunə olur. Bu qələbə Azərbaycanın idman sahəsində gücünü bir daha göstərdi. Dövlətin idmana göstərdiyi qayğının nəticəsi aydın görünür.
Azərbaycanı idman dövləti kimi tanıdan amillərdən biri də idmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətləridir. Prezident İlham Əliyevin idman siyasətinin nəticəsi kimi respublikamızda idmana maraq daha da yüksəlib, uşaqların, yeniyetmələrin və gənclərin idmanla məşğul ola bilmələri üçün ən müasir standartlara uyğun şərait formalaşdırılıb. Nəticə etibarilə bir çox perspektivli yeniyetmə və gənclərimiz idmanın müxtəlif növləri üzrə özlərini təsdiq edə biliblər.
İdman bir mübarizədir, kim güclüdürsə, o da qalib gəlir. Məşqlərdə Azərbaycan idmançılarına hər zaman bu prinsiplər aşılanır. Onlar da xalça üzərində, yaşıl meydanlarda daim xalqımızın ləyaqətli mübarizə ənənələrinə sadiq qalırlar. İdmançılarımız həmçinin cəmiyyətdə özlərini nümunəvi aparırlar.
Ancaq təəssüf doğuran haldır ki, beynəlxalq yarışlarda biz bir sıra hallarda idman qaydalarının pozulmasını, o cümlədən də hakimlərin Azərbaycan idmançılarına münasibətdə ədalətsiz qərarlar vermələrinin şahidi oluruq. Belə mənfi hallar nəticələrə təsir göstərir və məyusluq yaradır. “Hakim səhvləri və ya ədalətsizliklər baş verdikdə belə, ləyaqətli davranışı qorumaq həmişə vacibdir. Çünki bəzən qərəzlilik olur – biz bunu Azərbaycan idmançılarına qarşı təkcə güləşdə deyil, xüsusən də Avropa yarışlarında dəfələrlə görmüşük. Maraqlıdır, bir qayda olaraq Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizlik dünya çempionatlarına nisbətən daha çox olur. Yəqin ki, Avropada heç də hamı Azərbaycanın Avropa çempionatlarında iştirak etməsinə və təkcə iştirakına deyil, həm də bütün Avropa ölkələrinə qalib gəlməsinə sevinmir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Görüş çərçivəsində idmançılar və məşqçilərlə səmimi söhbət aparılmış, onların gələcək planları, hazırlıq prosesləri və qarşıdakı yarışlarla bağlı fikirləri dinlənilmişdir. Prezident tərəfindən idmançıların daha böyük uğurlara imza atmaları üçün bütün zəruri şəraitin yaradılacağı bir daha vurğulanmışdır.