Gürcüstan və Azərbaycan çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır
Güllər Məmmədli
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu, 118 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan xalqı daim öz qonşularıyla sülh şəraitində yaşamışdır. Müstəqillik əldə etdikdən sonra da dövlətimiz ilk olaraq qonşuları ilə mehriban qonşuluq, anlaşma və dostluq çərçivəsində yaşamaq prinsipini əsas tutmuşdur. Bu qonşu dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan Respublikası ilə tarixə söykənən dostluq münasibətləri günümüzdə də uğurla davam etdirilir. Məhz bu münasibətlərin inkişaf səviyyəsini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda da görə bilərik.
İlk olaraq Prezident İlham Əliyev Gürcüstan və Azərbaycanın iki müstəqil dövlət kimi daim bir-birinin yanında olduğunu qeyd edib. O bildirib ki, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır və bu əsrlər boyu davam edir. Bu gün Azərbaycan və Gürcüstan təkcə bölgə üçün deyil, böyük mənada Avrasiya üçün də önəm daşıyır. Daha sonra cənab İlham Əliyev hər iki ölkənin birgə həyata keçirdiyi infrastruktur layihələri-nəqliyyat, enerji layihələrinin günümüzdə bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb etdiyindən danışıb. Görüşdə eyni zamanda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasına da toxunulub. Gürcüstan bu tədbirdə yüksək səviyyədə təmsil olunmuşdur. O, qeyd edib ki, bütün iştirakçılar bir daha şahid oldular ki, burada Azərbaycan, Gürcüstan və Türkiyə bu layihənin təşəbbüskarları kimi xüsusi rola malikdirlər. Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8-ə çatıb və bu, son deyil.
Prezident İlham Əliyev həmçinin, yeni layihələrdən söz açıb. Onlardan birinin də yaşıl enerji layihəsi olduğu qeyd edilib. Bu layihə çərçivəsində də eyni zamanda Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başlamışdır.
Daha sonra ticarət əlaqələrindən də söz açılıb. Burada da dövriyyənin artdığına diqqət çəkilib. Qeyd edilib ki, burada da təxminən 15% lik bir artım müşahidə edilir. Azərbaycan investorları Gürcüstan iqtisadiyyatına 3,4 milyard dollar sərmayə qoymuşlar. Təbii ki, bunun da əsas səbəbi gözəl investisiya iqliminin mövcudluğudur.
Prezident ölkələrin ərazi bütövlüyü, suverenliyi ilə bağlı məsələlərə də toxunub. O bildirib ki, “heç bir ölkənin ərazisi zor gücü ilə dəyişdirilə bilməz. Beynəlxalq hüququn normaları hər bir ölkə üçün əsas olmalıdır və burada heç bir ayrı-seçkilik ola bilməz. Azərbaycan Respublikası da uzun illər işğaldan əziyyət çəkmiş bir ölkə kimi çox yaxşı bilir ki, beynəlxalq hüququn normaları bəzi hallarda güc tətbiq etməklə bərpa olunur. Bu yol tamamilə qanunidir. Necə ki bu yolla Azərbaycan da öz ərazi bütövlüyünü bərpa etmişdir”.
Sonda cənab Prezident iki ölkənin rəhbərlik səviyyəsində olan görüşünə diqqət çəkib və bunun əhəmiyyətinə toxunub. Həmçinin, İlham Əliyev bu gün başlanan şəxsi tanışlığın da dostluğa, qardaşlığa çevriləcəyinə əminliyini ifadə edib.
Günümüzdə Prezident İlham Əliyev Ümummilli lider Heydər Əliyev siyasətini uğurla davam etdirərək qonşuluq münasibətlərinə daim diqqət yetirir və bu münasibətlərin inkişafı üçün daim müsbətə yönəlmiş addımlar atır. Gürcüstan Respublikası ilə qurulan münasibətlər də buna bariz nümunədir.